Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Koreya Xalq Demokratik Respublikasında internetin işində ciddi nasazlıq qeydə alınıb


Koreya Xalq Demokratik Respublikasının ərazisində internetə çıxışda dövri nasazlıqlar müşahidə olunur. Təxminən iki həftə əvvəl Koreya yarımadasının şimalında şəbəkəyə qoşulma ilə bağlı problemlər meydana çıxıb və indiyədək aradan qaldırılmayıb.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bu gün bir sıra saytlara daxilolma zamanı ekranda aşağıdakı yazı göstərilib: "Xəbərdarlıq! Qara siyahıya daxil edilib". İndi əcnəbilər mobil telefonlar vasitəsilə internetə qoşulmaq imkanına malik deyil. Bu xidmətlər Koreya Xalq Demokratik Respublikasında yeganə “3G” operatoru olan “Koryolink” şirkəti tərəfindən təqdim edilib. “Yandex” və “Google” axtarış sistemlərinə, “Facebook” sosial şəbəkəsinə, həmçinin “Twitter” mikrobloquna daxilolmada problemlər yaşanır.

Koreya Xalq Demokratik Respublikasının mətbuatı hələ ki yerli internetin işindəki nasazlığın səbəbi haqqında heç nə yazmayıb. Versiyalardan birinə görə, şəbəkənin qeyri-stabil fəaliyyəti elektrik enerjisi təchizatı sistemində daimi nasazlıqlarla əlaqədardır.

Yerli mütəxəssislərin fikrincə, Pxenyanda bir sıra saytlara daxilolma ilə əlaqədar problemlər mümkün kiberhücumlara qarşı önləyici tədbirlə əlaqədardır.

Koreya Xalq Demokratik Respublikasında internetə çıxış məhduddur. Ölkənin adi vətəndaşları üçün hökumətin siyasətinin, müxtəlif elmi-texniki informasiya, mədəniyyət və idmanın təbliğatına həsr edilmiş “Kwangmyong” adlı daxili şəbəkə yaradılıb.

Emil Hüseynov




23/06/15    Çap et