Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nanotech - Nanoscience-2015” beynəlxalq konfransı çərçivəsində ECONANO layihəsi ilə bağlı müzakirələr aparılıb
Fransanın Paris şəhərində keçirilmiş “Nanotech- Nanoscience-2015” beynəlxalq konfransı başa çatıb. Konfransda Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi, professor Ülviyyə Həsənova və Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, Nanoaraşdırmalar laboratoriyasının böyük elmi işçisi Flora Hacıyeva iştirak edib və məruzə ediblər.
BDU əməkdaşları həmçinin konfransın işində kimya üzrə Nobel mükafatı laureatı, professor Jean-Marie Lehn və fizika üzrə Nobel mükafatı laureatı, professor Albert Fertin mühazirələrini dinləyib, “dəyirmi masa”larda aparılan müzakirələrdə iştirak ediblər.
BDU-dan qeyd edilib ki, alimlər həmçinin Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzinin və Avropanın qabaqcıl universitetləri ilə birgə həyata keçirilən ECONANO layihəsi çərçivəsində Fransanın Paris 13 Universitetinin Materialşünaslıq laboratoriyasının professorları Jean Filipp, Andrey Kanayev ilə görüşüb, layihənin yerinə yetirilmə vəziyyəti haqqında müzakirələr aparıblar. Səfər zamanı yeni bir təhsil proqramının hazırlanması ilə bağlı Paris 13 Universiteti ilə razılıq əldə edilib.
Həqiqət İSABALAYEVA
23/06/15 Çap et