Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün elektron ərizə qəbulu iyulun 1-də başlayacaq


Dövlət ümumi təhsil müəssisələrində və peşə liseylərində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə başa çatıb. Müsabiqədə iştirak etmək üçün elektron ərizəsi təsdiq olunmuş 1308 nəfərdən 907 nəfəri birinci mərhələdə - test imtahanında iştirak edib.
 
Test imtahanının nəticələrinə əsasən, 197 nəfər seçdiyi vakant yerə iş yerini dəyişmək hüququ əldə edib və müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılıb.
 
Müsahibənin nəticələrinə görə, Təhsil Nazirliyi tərəfindən 175 nəfərin iş yerini dəyişməsinə razılıq verilib. İş yerini dəyişənlərdən 172 nəfəri Azərbaycan, 3 nəfəri rus bölməsində çalışan müəllimlərdir. Təhsil Nazirliyindən bildirilib ki, fənlər üzrə təsnifata görə, iş yerini dəyişənlərdən 7 nəfər informatika, 1 nəfər texnologiya müəllimidir.
 
 
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yekunlaşdıqdan sonra qalan vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün elektron ərizə qəbulu 1-15 iyul 2015-ci il tarixlərində aparılacaq.
 
 
Həqiqət İSABALAYEVA
 
 




24/06/15    Çap et