Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilədək internet reklam xərcləri televiziya reklam xərclərini ötəcək


Beynəlxalq “ZenithOptimedia” agentliyinin yeni hesabatına əsasən, internet elan verənlər üçün ən sürətlə inkişaf edən mühit olaraq qalır və 2020-ci ilədək internet reklam xərcləri televiziya reklam xərclərini ötəcək.
 
"ICTnews" elektron xəbər xidməti “siliconrus.com” saytına istinadən bildirir ki, hesabata əsasən, internet reklam artıq 2014-cü ildən Avstraliya, Kanada, Danimarka, Norveç, Niderland, İsveç və Böyük Britaniyada üstün mövqeyə sahibdir və 2017-ci ilədək Çin, Finlandiya, Almaniya, İrlandiya və Yeni Zelandiyada da bu müşahidə olunacaq. Qlobal reklam xərclərinin 28 faizi bu ölkələrin payına düşür.
 
Şirkətin məlumatına görə, mobil reklam əsas artım qüvvəsidir. “ZenithOptimedia” agentliyi mobil reklamın iki dəfə artımını proqnozlaşdırır ki, bu da internet reklam xərclərini 70 faizədək yüksəldəcək.
 
2014-cü ildə televiziya reklam xərcləri 39 faiz təşkil edib. 2017-ci ilədək bu göstərici 36,8 faizədək azalmalıdır, çünki şirkətin məlumatına görə, marketoloqlar öz büdcəsini onlayn video sahəsinə yönəldirlər. 2014-cü ildə onlayn video xərcləri 33 faiz yüksəlib.
 
Şirkətin nümayəndələri, həmçinin bildirib ki, 2015-ci ildə dünyada reklam xərclərinin 4.2 faiz artımını (531 milyard dollaradək) gözləyirlər.
 
Emil Hüseynov




24/06/15    Çap et