Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nanostrukturların alınması, stabilləşdirilməsi, tədqiqi və tətbiqi istiqamətində tədqiqat işləri aparılır


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-dan bildirilib ki, iclasda Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili, akademik Abel Məhərrəmov və universitetin fizika fakültəsinin dekanı, fizika elmləri doktoru, professor Məhəmmədəli Ramazanov “Nanomateriallar sahəsində aparılan tədqiqatlar, tətbiqlər və perspektivlər” adlı məruzə ilə çıxış ediblər.
 
Məruzədə qeyd olunub ki, BDU-da hazırda nanostrukturların alınması, stabilləşdirilməsi, tədqiqi və tətbiqi istiqamətində uğurlu tədqiqat işləri aparılır. Tədqiqatlar zamanı nanostrukturlarda və onların əsasında alınmış kompozitlərdə tərkib-quruluş-xassə arasında əlaqələr və ölçü effektləri müəyyən edilib, nanokompozitlərin komponentləri arasında fazalararası qarşılıqlı təsirin onun xassələrinə təsiri tədqiq edilib.
 
 
Məruzə dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə məruzə bəyənilib.
 
 
İclasda tədqiqatların elm, təhsil və innovasiya fəaliyyətinin inteqrasiyasında əhəmiyyətini nəzərə alaraq, onların davam etdirilməsi və BDU-da nanomateriallar sahəsində aparılan multidisiplinar tədqiqatların AMEA-nın bu istiqamətlərdə çalışan müvafiq qurumları ilə əlaqəli aparılmasının təmin edilməsi barədə qərar qəbul edilib.
 
 
 
 
Həqiqət İSABALAYEVA




25/06/15    Çap et