Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Radiasiya Problemləri İnstitutunun əməkdaşları Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda elmi-tədqiqat işləri aparacaqlar
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-dan bildirilib ki, iclasda müzakirə olunan məsələlərdən biri AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam edilmələri haqqında olub.
Bildirilib ki, AMEA ilə Rusiya Federasiyasının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında elmi əməkdaşlıq üzrə müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən Radiasiya Problemləri İnstitutunun 5 əməkdaşı elmi-tədqiqat işlərinin aparılması və ixtisas artırma məqsədi ilə Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam edilməlidir. Bunu nəzərə alaraq, onların ezam olunması ilə bağlı Rəyasət Heyəti qərar qəbul edib.
Sonda bir sıra kadr məsələlərinə də toxunulub. Rəyasət Heyətinin qərarları ilə AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin xahişini nəzərə alaraq tutduğu vəzifədən azad edilib. AMEA-nın müxbir üzvü Namiq Cəlilov həmin elmi təşkilatın direktoru vəzifəsini icra edən təyin edilib.
Bundan başqa AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, akademik Adil Qəribov da öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Həqiqət İSABALAYEVA
25/06/15 Çap et