Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın mobil rabitə operatorlarına ilin sonuna kimi yeni tezliklər ayrılacaq
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorlarına LTE şəbəkəsini genişləndirməsi üçün yeni tezlik diapazonundan istifadə etməyə icazə verəcək.
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu ilin sonuna kimi artıq 800 MHz tezliklərinin bir hissəsi boşaldılaraq LTE şəbəkəsinin qurulmasında istifadəsi üçün operatorlara icazə veriləcək.
"Bununla biz LTE texnologiyasının ölkənin bütün ərazisində yayılmasına imkan yaradacağıq. Hazırda "3G" şəbəkəsi ölkə regionlarında yetərincə əhatə dairəsini genişləndirib. Lakin "4G" şəbəkəsi yalnız Bakıda və bəzi ətraf ərazilərdə işləyir. Biz isə bu texnologiyanın əsasən ucqar dağ regionlarında tətbiqini, bütün ölkə ərazisinin internetlə və rabitə ilə təmin edilməsini istəyirik", - deyə nazir müavini qeyd edib.
İ. Məmmədovun sözlərinə əsasən, nazirlik yaxın iki il ərzində, istifadəsi dünya üzrə artıq dayandırılan GSM texnologiyasını Azərbaycanda da dayandırmaq niyyətindədir.
"Yeni "3G" və "4G" texnologiyaları üzərində qurulmuş platformalar inkişaf edir və artıq eyni zamanda smartfonla danışaraq internetdən istifadə edilməsi mümkündür. Çox qısa zamanda biz LTE şəbəkəsi üzərindən səsli xidmətlərin göstərilməsinin şahidi olacağıq. Bu ilin əvvəlində Barselonada keçirilən konfransda LTE texnologiyası üzərindən səsli xidmətlər nümayiş etdirilib və çox güman ki, dünya üzrə mobil rabitə operatorları bu xidməti təqdim etdikcə ölkəmizdə də onun tətbiqi qaçılmaz olacaq. Bu istiqamətdə artıq işlər aparılır", - deyə İ. Məmmədov bildirib.
Aynur Vəliyeva
27/06/15 Çap et