Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformatika fənni təhsil müəssisələrində hansı formada tədris olunacaq?


İnformatika fənni təhsil müəssisələrində hansı formada tədris olunacaq? Bununla bağlı məsələlər ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ilinə aid tədris planlarının təsdiqi haqqında təhsil nazirinin əmrində əks olunub.

Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən  ümumtəhsil məktəbləri üçün 2015-2016-cı dərs ilinə aid aşağıdakı tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiqlənib.
 
Tədris planlarına dair qeydlərə əsasən, müvafiq ixtisaslı kadrları və maddi-texniki, tədris bazası olan ümumtəhsil
məktəblərinin IX (doqquzuncu) sinfində fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “İnformatika” fənninin tədrisinə verilir.
 
Kompüter kabineti olmayan ümumtəhsil məktəblərində İnformatika fənni üzrə praktik məşğələ keçilmir. Ümumtəhsil məktəblərinin IX-XI sinifləri üçün tədris planında həftəlik dərs saatlarının miqdarına əsasən, İnformatika fənninə 1 saat ayrılıb. 2015-2016-cı dərs ilində ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin  I-VIII sinifləri üçün tədris planında İnformatika fənnindən siniflər üzrə həftəlik dərs saatlarının miqdarı 1 saat müəyyənləşdirilib.
 
Həmçinin 2015-2016-cı dərs ilində azsaylı xalqlarin dilləri öyrədilən ümumtəhsil məktəblərinin  I-IV sinifləri üçün tədris planında İnformatika fənnindən siniflər üzrə həftəlik dərs saatlarının miqdarı 1 saat nəzərdə tutulub.
 
 
Təmayüllü məktəblərdə İnformatika fənninin tədris planında yer almamasına gəldikdə, bununla bağlı məsələyə nazirliyin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov münasibət bildirib:
 
 “Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər şəbəkəsinin genişləndirilməsi və yeni tədris ili üçün tədris planlarının təsdiqi haqqında təhsil nazirinin əmri yeni inkişaf üfüqləri açır. Təmayüllü məktəblərdə İnformatika fənninin tədris planında yer almamasına gəlincə, birincisi, təmayülləşmə 10-11-ci sinifləri əhatə edir. Burada İnformatika fənninin ləğvindən söhbət getmir. Onda biz həmin məktəblərdə vaxtilə keçirilən 18 fənnin digər 9-u haqqında da eyni cür danışa bilərik. Təmayülləşmənin əsas məqsədi odur ki, şagird seçdiyi ixtisas üzrə meyil və marağına uyğun daha dərin hazırlığa malik olsun. İnformatika fənni üzrə məktəblilər I-IX siniflərdə biliklər qazanırlar. Şagirdlər seçdikləri təmayül istiqamətlərində İKT bacarığından yararlanaraq dərinləşmiş biliklərə sahib olurlar. Bu, müasir dünyanın sadə reallığıdır. 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) üzrə tədris olunan fənləri İKT, internet olmadan necə təsəvvür etmək olar? Ümumiyyətlə, müasir biliklərin tədrisi İKT bacarıqları olmadan mümkün deyil. Təmayül məktəblərdə İKT-nin seçmə fənn kimi tədrisini heç kimi qadağan etmir. Bundan başqa dərsdənkənar məşğələlərin məzmun istiqamətləri müəyyən olunarkən İKT bacarıqlarının inkişafına diqqət yetirilməsi tövsiyə edilir”.
 
 
 
 
Həqiqət İSABALAYEVA




29/06/15    Çap et