“Microsoft” reklam biznesindən imtina edəcək
“Bloomberg” informasiya agentliyi yazır ki, dünyanın ən böyük proqram təminatı istehsalçılarından biri “Microsoft” şirkəti internetdə reklamla məşğul olan bölmələrdən imtina etmək, həmçinin təxminən 1200 əməkdaşını ixtisar etmək niyyətindədir.
"ICTnews" elektron xəbər xidməti “tass.ru” saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, “AOL” və “AppNexus” internet şirkətləri “Microsoft”un reklam biznesinin hissəsi üzərində nəzarətə malik olacaq. Sazişin təfərrüatları hələ ki açıqlanmır. “Microsoft”un əməkdaşlarının bir hissəsi “AOL” və “AppNexus” şirkətlərində işləməyə başlayacaq, digər hissəsi başqa vəzifələrə keçiriləcək və ya işdən çıxarılacaq.
“Microsoft”un nümayəndələri agentliyin xəbərini hələ şərh etməyib.
“Microsoft” korporasiyası 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilib. Hazırda bu şirkət ən böyük transmilli elektron şirkətlərdən biridir, proqram təminatının istehsalı, xidmət göstərilməsi, fərdi kompüter və serverlər üçün internet texnologiyaların hazırlanmasında dünya liderlərindən biridir. 2014-cü ilin iyununda “Microsoft” əməkdaşlarının sayı təxminən 128 min insan təşkil edib. Şirkətin qərargahı Redmond (Vaşinqton ştatı) şəhərindədir.
Emil Hüseynov