Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiya sahibkarları Azərbaycanın İKT bazarına maraq göstərir


Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi və yeni texnologiyalara marağının artması bir çox dövlətlər kimi, Rusiya Federasiyasında fəaliyyət göstərən sahibkarların da diqqətini çəkib.
 
 Şimal qonşumuzun ərazisində İT üzrə ixtisaslaşmış şirkətlər istehsal etdikləri məhsulları həm Azərbaycana idxal etmək, həm də ölkəmizin ərazisində birgə müəssisələr yaratmaqla ortaq layihələr həyata keçirmək niyyətindədirlər.
 
 
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK)  bildirilib ki, rusiyalı iş adamları bu səbəbdən Azərbaycandan partnyor axtarışına çıxıblar. Belə ki, bir müddət öncə ölkəmizə təşrif buyuran şimal qonşumuzun sahibkarları öz istəklərini bildirərək qeyd ediblər ki, ortaq layihələrdən hər iki tərəf yüksək gəlir əldə edə bilər.
 
 
ASK-dan qeyd edilib ki, Rusiya Federasiyasının bir neçə vilayətini təmsil edən iş adamları digər sahələrlə yanaşı, İKT istiqamətində də böyük potensialın olduğunu ifadə ediblər.
 
 Rusiyanın ölkəmizə işgüzar səfərə gələn 12-yə  yaxın  şirkət təmsilçiləri Azərbaycanda müvafiq tərəfdaş  tapmaq və  əməkdaşlıq  etmək  məqsədini qarşıya qoyublar. Eləcə də Azərbaycan ilə Rusiya  arasında  iqtisadi əməkdaşlığı  daha da inkişaf etdirmək, idxal-ixrac əməliyyatları, yeni  partnyorluq  əlaqələri  yaratmaq kimi məsələlər müzakirə olunub.
 
 
SEYMUR
 




30/06/15    Çap et