Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Oyunların yüksək səviyyədə telekommunikasiya xidmətləri ilə təchiz edilməsinə görə RYTN-ə təşəkkür etdi (FOTOLAR)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rabitə birlik və müəssisələrinin rəhbərlərinin, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Komitənin digər məsul işçilərinin iştirakı ilə I Avropa Oyunlarının başa çatması münasibəti ilə tədbir keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov I Avropa Oyunlarının uğurla keçirilməsində telekommunikasiya, radio-televiziya, internet, radiotezliklər və digər rabitə xidmətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək Oyunlar keçirilən dövrdə qeyd edilən bütün rabitə xidmətlərinin lazımi səviyyədə fəaliyyət göstərdiyini qeyd edib.
Nazir I Avropa Oyunlarında idmançılarımızın qazandığı uğurlar, Oyunların möhtəşəm Açılış-Bağlanış mərasimlərinin dünya ölkələrinə və respublikaya yüksək keyfiyyətlə fasiləsiz yayımının təşkilində Beynəlxalq İdman Yayım Şirkəti ilə yanaşı, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin, "Azərkosmos" ASC-nin və Məlumat Hesablaşma Mərkəzinin də xüsusi rol oynadığını vurğulayıb.
Tədbirdə çıxış edən BAOƏK-nin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunlarının telekommunikasiya, internet, yayım xidmətləri, informasiya təhlükəsizliyi ilə təminatında və tezliklərlə təchizatında RYTN-in birlik və müəssisələrinin rolunu xüsusi qeyd edərək nazirə təşəkkürünü bildirib.
Tədbirdə Oyunların keçirildiyi dövrdə RYTN-in aidiyyəti birlik və müəssisələrinin mütəxəssislərinin BAOƏK-in Texniki Əməliyyat Mərkəzində Komitənin digər əməkdaşları ilə birgə səmərəli fəaliyyət göstərdiyi qeyd edilərək telekommunikasiya xidmətləri, televiziya yayımı, informasiya təhlükəsizliyi lazımi səviyyədə təşkil edildiyi üçün BAOƏK-in əməkdaşlarına xüsusi minnətdarlıq edilib.
I Avropa Oyunlarının uğurla keçirildiyi nəzərə alınaraq, Oyunların telekommunikasiya, yayım xidmətləri, radiotezliklərin təchizatı, eləcə də informasiya təhlükəsizliyi ilə təminatı istiqamətində fəaliyyət göstərmiş bir sıra dövlət və özəl rabitə müəssisələri, BAOƏK-in və RYTN-in aidiyyəti rəhbər işçiləri və mütəxəssisləri nazirliyin fəxri fərmanları ilə təltif edilib.
Nazir yekun çıxışında BAOƏK rəhbərliyinə bir daha minnətdarlıq edib və gələcəkdə də belə tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün RYTN-in böyük potensialından səmərəli istifadə ediləcəyinə əminliyini bildirib.