Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dubayda “3D” printerlə ofis binası tikiləcək


Dubayda “3D” printerin köməyi ilə ofis binasının inşası planlaşdırılır. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Nazirlər Kabineti işləri üzrə dövlət naziri Məhəmməd əl-Qarqavi bildirib.
 
Onun sözlərinə görə, ümumi sahəsi 185 kvadratmetr təşkil edən birmərtəbəli tikili hündürlüyü 6 metrdən çox olan printerdə laylar üzrə yaradılacaq. Həmçinin qurğunun köməyi ilə binanın struktur komponentləri və interyer əşyaları çap ediləcək. İnteryer əşyalarının hazırlanmasında dəmir-beton, gips, armaturlu şüşə və plastikdən istifadə ediləcək.
 
Bir neçə həftəyə ərsəyə gəlməsi nəzərdə tutulan layihədə Çinin binaların tikilməsi üçün üçölçülü çapdan hamıdan birinci istifadə etməyə başlayan “Winsun” şirkəti iştirak edəcək. 2015-ci ilin əvvəlində şirkət “3D” printer vasitəsilə yaradılan beşmərtəbəli yaşayış evi və sahəsi 1100 m2 olan villa təqdim edib.
 
Məhəmməd əl-Qarqavinin sözlərinə görə, üçölçülü printerlər ənənəvi bina tikilişi ilə müqayisədə tikinti vaxtını 50-70 faiz, iş xərclərini 50-80 faiz azaltmağa imkan verir.
 
Ofisin tikintisi 2015-ci ilin martında Dubayda başlayan “Gələcəyin muzeyi” (Museum of the Future) layihəsinin tərkib hissəsidir, - “3DNews yazır.




03/07/15    Çap et