Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya Bankı ilə Azərbaycanda poçt sisteminin modernləşdirilməsi müzakirə olunub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Dünya Bankının (DB) Avropa, Mərkəzi Asiya, Orta Şərq və Şimali Afrika regionu üzrə maliyyə və bazarların idarəolunması sahəsində qlobal praktika rəhbəri Rolf  Berndtin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
 
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə DB ilə əməkdaşlıq çərçivəsində “Azərpoçt” MMC-də yerinə yetirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin uğurlu nəticələri xüsusi qeyd edilib və layihənin həyata keçirilməsindən əldə edilən nailiyyətlərin qarşılıqlı razılıq doğurduğu vurğulanıb.
 
Daha sonra poçt sisteminin restrukturizasiyası və poçt şöbələrinin modernləşdirilməsinin davam etdirilməsi , yeni maliyyə xidmətlərinin göstərilməsi və s. istiqamətlərdə DB ilə gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
 
Görüşdə ümumilikdə poçt sisteminin modernləşdirilməsi məqsədilə “Azərpoçt” MMC-də islahatların  və maliyyə xidmətlərinin geniş çeşiddə və ölkənin bütün ərazisində təmin edilməsi üzrə yeni layihənin həyata keçirilməsinin  məqsədəuyğun olduğu vurğulanıb.
 
 
Bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi üzrə verilən təkliflərin RYTN tərəfindən Azərbaycan hökumətinə  təqdim edilməsi, təkliflərə aidiyyəti qurumlar tərəfindən münasibət bildirildikdən sonra isə DB ilə rəsmi danışıqların aparılmasına başlanması qərara alınıb.


 
 




03/07/15    Çap et