Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Virtual məkanda Azərbaycan dilinin təsbit olunması, inkişafı və digər problemləri istiqamətində araşdırmalar aparılmalıdır


Virtual məkanda Azərbaycan dilinin təsbit olunması, inkişafı və digər problemləri istiqamətində fundamental, genişmiqyaslı elmi tədqiqatların, təhlillərin və araşdırmaların aparılmasına ehtiyac var.
 
 Həmçinin bu sahədə vəziyyətin monitorinqi sisteminin işlənilməsi, dilin əcnəbilər tərəfindən öyrənilməsi üçün tədris vəsaitlərinin və elektron resursların işlənilməsi, dilin inkişafı, tətbiqi işinin genişləndirilməsi və təbliği üçün yeni saytların yaradılması da qarşıda duran vəzifələrəndəndir.
 
Bundan başqa, elm və texnikanın müxtəlif sahələri üzrə terminləri özündə əks etdirən veb-saytın yaradılması da həlli vacib məsələ kimi gündəmdədir. Bu təklifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) 16 saylı şöbəsinin elmi seminarında sektor müdiri Əfruz Qurbanova səsləndirib.
 
İTİ-dən qeyd edilib ki, Ə.Qurbanova “Qloballaşma şəraitində Azərbaycan dilinə terminoloji təhlükələr” mövzusunda məruzəni təqdim edərək dil sisteminin təhlükəsizliyi, dünyada gedən qloballaşma prosesinin dillərə təsiri, Azərbaycan dilinin qorunması istiqamətində dövlət tərəfindən atılan addımlar, Azərbaycanda terminologiya sahəsində mövcud problemlər və onların həlli yolları haqqında ətraflı məlumat verib.
 
 
 
Həqiqət İSABALAYEVA




04/07/15    Çap et