Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fransa və Azərbaycan arasında kosmik sənaye və nüvə tədqiqatları sahələrində əməkdaşlıq müzakirə edilib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Fransanın xarici ticarət naziri Mattias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Fransa arasında qurulan əməkdaşlıqdan söz açan nazir Əli Abbasov bu münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye və nüvə tədqiqatları sahələrində uğurla inkişaf etdiyini bildirib.
Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəal roluna da toxunan nazir ölkəmizin ilk telekommunikasiya peyki "Azerspace-1"-in orbitə çıxarılmasında fransız şirkətlərinin yaxından iştirakını xatırladıb.
Fransanın xarici ticarət naziri Mattias Fekl isə nitqinə "Bakı-2015" ilk Avropa Oyunlarının yaratdığı təəssüratlarla başlayıb. Bu münasibətlə xalqımızı təbrik edən ali qonaq Oyunların keyfiyyətli və yüksək səviyyədə təşkilini, göstərilən yüksək nəticələri, o cümlədən qazandıqları medal sayına görə Fransanı geridə qoyan Azərbaycan idmançılarının nailiyyətlərini xüsusi vurğulayıb.
Fransa prezidenti Fransua Olland ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev arasında qarşılıqlı səfər və görüşlərin əməkdaşlığın inkişafına impuls verdiyini nəzərə çatdıran fransalı nazir ölkəmizlə nüvə texnologiyaları, rabitə, kosmik sənaye sahələrində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.
Nazir Əli Abbasov da öz növbəsində, uğurlu əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq olduğunu qeyd edərək, bu münasibətlərin inkişafına xələl gətirə biləcək bəzi məqamlara, xüsusən bu yaxınlarda Fransanın 3 şəhəri ilə qondarma Dağlıq Qarabağın 3 şəhəri arasında dostluq xartiyasının imzalanması məsələsinə toxunub. Nazir ciddi narahatlıq doğuran bu fakta Fransanın rəsmi qurumları tərəfindən reaksiyanın verilməsinin gözlənilən olduğunu deyib.
Mattias Fekl də artıq məsələdən xəbərdar olduqlarını, eyni zamanda Fransanın rəsmi dairələrində məsələyə mənfi reaksiya verildiyini qeyd edib.
06/07/15 Çap et