Alimlər ekologiyanı sürücüsüz taksilərin köməyi ilə yaxşılaşdırmağı təklif edir
Sürücüsüz taksilərə keçid müasir avtomobillərin buraxdığı zərərli qazların sayını xeyli azaltmağa və taksi parkları sahiblərinin vəsaitlərinə qənaət etməyə imkan verəcək. ABŞ-ın Berklidə yerləşən Lourens adına Milli Laboratoriyasının alimləri belə düşünür.
Aparılan hesablamalarda alimlər 2030-cu ili nəzərdə tutublar. Onlar həmin vaxtadək sürücüsüz taksilərin nə dərəcədə qənaətcil və ekoloji olmasını müəyyənləşdirsələr də, texnologiyanın qeyd olunan müddətə geniş yayılması ilə bağlı proqnozlar verməyiblər.
Təhlilə əsasən, sürücüsüz taksi-elektromobilin 1,6 km məsafəyə buraxdığı istixana qazı şəxsi məqsədlər üçün istifadə edilən 2014-cü il buraxılışlı ənənəvi mühərrikli avtomobillə müqayisədə 90 faiz azalacaq və hibrid mühərrikli fərdi maşınlara nisbətdə 63-82 faiz aşağı düşəcək. Nümunə üçün 2013-cu ildə istehsala buraxılması planlaşdırılan hibrid avtomobil layihələri götürülüb.
Müəlliflərin fikrincə, burada əsas rolu taksi parklarında biryerli və ikiyerli sürücüsüz avtomobillərin istismara verilməsi oynayacaq. ABŞ Federal Şose Yolları İdarəsinin məlumatlara əsaslanan mütəxəssisləri müasir amerikalıların əksər hallarda taksini birnəfərlik gediş üçün çağırdıqlarını qeyd ediblər. Kompakt maşınlar elektrik enerjisi sərfiyyatına və onun istehsalı ilə əlaqədar qazların atmosferə buraxılmasına xeyli qənaət etməyə imkan verəcək.
İkinci amil elektrik enerjisinin əldə edilməsi üçün daha ekoloji sxemlərin yaradılmasıdır. Elektrostansiyaların ekoloji sxemlərə 2030-cu ildə keçməsi və bunun da qazların buraxılmasını azaltması gözlənilir, -
"Lenta” yazır.