Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
A.Əlizadə: “Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və kosmik sənayenin yaradılmasına böyük diqqət göstərilir”
“Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və kosmik sənayenin yaradılmasına böyük diqqət göstərilir. Hər iki istiqamətdə mühüm addımlar atılaraq faydalı işlər görülür”.
Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə söyləyib. Belarus Respublikasının Azərbaycanda diplomatik fəaliyyəti başa çatmış səfiri Nikolay Paskeviç ilə görüşən AMEA prezidenti Azərbaycanda yüksək texnologiyaların, kosmik sənayenin vəziyyətinə diqqət çəkərək digər sahələrlə yanaşı, sözügedən istiqamət üzrə dövlətin göstərdiyi qayğıdan danışıb.
A.Əlizadə Belarus kosmik proqramlarının imkanlarından və belaruslu alimlərin bu sahədə təcrübəsindən yararlanmağın əhəmiyyətini vurğulayaraq alimlərimizin ortaq layihələrdə birgə çalışmaq imkanlarını önə çəkib. Akademik Azərbaycan alimlərinin kosmik sahədə belaruslu alimlərlə birgə elmi tədqiqatlar aparmaqda maraqlı olduğunu vurğulayan AMEA prezidenti səylərin birləşdirilməsi zamanı uğurlu nəticələrin qısa zaman kəsiyində əldə oluna biləcəyinə əminliyini ifadə edib.
Azərbaycandakı diplomatik fəaliyyəti müddətində gördüyü işlərdən danışan N.Paskeviç qeyd edib ki, səfirliyin fəaliyyətinin əsas istiqamətləri hər iki ölkənin ticari-iqtisadi əlaqələrini fəallaşdırmaqdan ibarət olub. Ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirən diplomat son illərdə iki ölkə arasında iqtisadi, aqrar, turizm, İKT və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük imkanların yarandığını deyib.
Həmçinin Azərbaycan və Belarus arasında elmi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin mühüm olduğunu qeyd edib.
SEYMUR
09/07/15 Çap et