Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beşinci nəsil simsiz rabitə sisteminin inkişafı üçün səylər artırılır


İsveçin "Ericsson" şirkəti Avropa İttifaqının (Aİ) beşinci nəsil simsiz rabitə sistemi üçün tövsiyə edilən standartların inkişafı və hazırlanması məqsədi ilə yaradılan "METIS-II" layihəsinin əlaqələndiricisi qismində "5G" sistemlərinin genişlənməsinin təşəbbüskarı kimi çıxış etməkdə davam edir.
 
"METIS-II" layihəsinin vəzifəsi "5G" konsepsiyalarının və tezlik spektrindən istifadəyə dair tövsiyələrin yaradılmasına yönələn "5G Infrastructure Public-Private Partnership" (5G-PPP) layihəsinin iştirakçılarının əsas əməkdaşlıq prinsiplərinin hazırlanmasından ibarət olacaq. Bundan başqa, layihədə aparılan işlər çərçivəsində tənzimləmə və standartlaşdırma orqanları üçün tövsiyələr işlənəcək.
 
Layihə "5G" sahəsində qabaqcıl tədqiqatlar və işləmələr həyata keçirən Çin, Aİ, Yaponiya, Cənubi Koreya və ABŞ-dan 23 iştirakçını birləşdirir. Dünyanın əksər aparıcı istehsalçılarının, rabitə operatorları və tədqiqat təşkilatlarının iştirak etdiyi layihənin maliyyələşdirilməsi Aİ-nin "Horizon 2020" tədqiqat proqramı çərçivəsində həyata keçirilir. Layihənin büdcəsi 8 milyon avro təşkil edir. "METIS II"-nin məqsədi "5G" sahəsində ilk birgə layihə olan "METIS"-in uğurlarını möhkəmləndirmək məqsədi daşıyır.
 
"METIS-II"-nin təşəbbüskarı kimi "Ericsson" beynəlxalq tərəfdaşlarla birgə "5G" sistemi çərçivəsində texnologiyaların inteqrasiyası məsələlərinin həlli və tənzimləmə və standartlaşdırma üçün lazımi platformaların hazırlanması ilə məşğul olacaq.
Bundan başqa, İsveçin telekommunikasiya avadanlığı istehsalçısı "Mobile Radio Access Network for Fifth-Generation Integrated Communications" (mmMAGIC) layihəsinin texniki koordinasiyasını həyata keçirəcək. Layihə çərçivəsində 6-100 QHs diapazonunda işləyən mobil texnologiyaların konsepsiyası hazırlanaraq inkişaf etidiriləcək. 
 
Hər iki layihə mobil rabitə sahəsində ilkin standartların razılaşdırılması üçün böyük əhəmiyyətə malikdir, - "CNews" yazır.
 




10/07/15    Çap et