Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial sahəyə dair elektron xidmətlərdən istifadə edənlərin sayı sürətlə artır


 Cari ilin iyun ayı ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi e-xidmətlərdən 157 712 dəfə istifadə halı qeydə alınıb.
 
O cümlədən, nazirliyin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidmətindən 103 977 dəfə,  "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən 38 523 dəfə, "İş yerinə dair arayış" e-xidmətindən isə 13 430 dəfə istifadə olunub. Əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında olan bu üç e-xidmətdən cari ilin 6 ayı ərzində müvafiq olaraq 737 372 dəfə, 271 827 dəfə və 69 585 dəfə istifadə edilib.
 
Nazirlikdən qeyd edilib ki, ümumilikdə cari ilin 6 ayı ərzində əhali ƏƏSMN-in "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi bütün e-xidmətlərdən 1 093 672 dəfə yararlanıb ki, bu da portaldan ümumi istifadə sayının (6 059 951 istifadə halı) 18 faizindən çoxunu təşkil edir.
 
 
 
Həqiqət İSABALAYEVA




10/07/15    Çap et