Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xəzər Universitetində sənaye mərkəzli texnopark qurulması planlaşdırılır


Özden Doyuran: "Texnopark - Universitet əməkdaşlığı zəruridir"


 Azərbaycanda ali təhsil müəssisələrində texnoparkların yaradılması yeni təcrübədir.

Bu modeli tətbiq edən azsaylı ali təhsil müəssisələrimizdən biri də Xəzər Universitetidir. Universitetin bu sahədə qazandığı təcrübəyə gəlincə, Xəzər Universiteti Texnoparkının direktoru Özden Doyuran "Rabitə dünyası" ilə söhbətində bir çox məqamlara toxunub.


Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlanıb


- Xəzər Universiteti Texnoparkı hansı zərurətdən yaradılıb və hansı Fəaliyyət Planına malikdir, eyni zamanda hansı perspektiv məqsədlərə doğru can atır?


- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaradılıb, müasir idarəetmə təcrübəsindən yararlanmaqla investisiyaların əsasən prioritet sahələrə yönəldilməsi təmin edilib, çoxsaylı yeni iş yerləri açılıb, ölkəmizdə rəqabət qabiliyyətli mal istehsalı və xidmətlər həyata keçirilməyə başlanıb. 2007-ci ildə Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında müvafiq fərman verilib, həmçinin "Xüsusi iqtisadi zonalar haqqında" ayrıca qanun qəbul edilib.

Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixli Fərmanı ilə "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə" təsdiqlənib. Adları çəkilən normativ-hüquqi sənədlər sənaye parklarının yaradılması, idarə edilməsi və burada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədləridir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2014-cü ilin "Sənaye ili" elan edilməsi ölkəmizdə sənaye sahəsinin üstün inkişafına göstərilən diqqətin daha bir ifadəsi olub. Beləliklə, deyə bilərik ki, Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlanıb. Dövlət başçısının imzaladığı həmin sərəncama uyğun olaraq, ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülüb. Hazırda ölkədə cari il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr hazırlığının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri kimi qabaqcıl ölkələrin müasir təcrübəsinə cavab verən innovativ, elm tutumlu müəssisələrin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidenti 5 noyabr 2012-ci il tarixdə Azərbaycanda "Yüksək Texnologiyalar Parkının yaradılması" haqqında fərman imzalayıb. Fərmana əsasən, ölkəmizdə iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, bunlara nail olmaq üçün lazımi elmi tədqiqatlar aparılmasını təmin etmək məqsədilə müasir komplekslər – Yüksək Texnologiyalar Parkının (TexnoPark) yaradılması nəzərdə tutulub. Azərbaycan Respublikası Prezidentinin ölkəmizin yeni sənayeləşmə siyasətində qabaqcıl dünya təcrübəsinə əsaslanmağın vacibliyini vurğulamasını, Yüksək Texnologiyalar Parkının ayrı-ayrı inkişaf etmiş ölkələrin təcrübəsində mühüm yer tutmasını, yuxarıda sadalanan normativ sənədləri, eləcə də "Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanını və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli Fərmanı ilə təsdiq edilmiş "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"ni əsas tutaraq Xəzər Universiteti ilə digər özəl və dövlət yerli və xarici şirkətlərin işbirliyi quracağı Texnoparkın yaradılması nəzərdə tutulur.

Universitet elm və texnologiyanın inkişafı sahəsində Azərbaycanın maraqlarını hədəf seçməklə, beynəlxalq aləmə inteqrasiya sahəsində ciddi işlər görür.

-Silikon Vadisinin texnologiya mərkəzi kimi yaranması və inkişafında ABŞ-ın aparıcı universitetlərinin xüsusi rolu olub. Azərbaycanın təhsil müəssisələri ölkəmizdə belə bir mərkəzin formalaşmasına hansı formada töhfə verə bilərlər?

- İlk texnoparklar ABŞ-da qurulub. 1953-cü ildə Şimali Kaliforniyada şirkətlərə torpaq sahəsi kirayə verməklə başlayan "Stanford Research Park" həm xronoloji baxımdan, həm elmi-tətbiqi və biznes gücünə görə dünyada birinci texnopark sayılır. Bu, sonralar "Silicon Valley" (Silikon/Silisium vadisi) adlanacaq məşhur yüksək texnologiyalar məkanının qurulması ilə nəticələndi. Texnoparkların qurulduğu ikinci ölkə İngiltərədir. Yüksək texnologiyalar istehsal edən ölkələrdə texnoparkların sayı digər ölkələrə nisbətən daha çox və daha effektlidir. Xəzər Universiteti keyfiyyətli, dünya ilə səsləşən tədrislə yanaşı, elm və texnologiyanın inkişafı sahəsində, Azərbaycanın maraqlarını hədəf seçməklə beynəlxalq aləmə inteqrasiya sahəsində ciddi işlər görür, zəruri olan sahələrdə xaricdən mütəxəssislər cəlb edir. Təsadüf deyil ki, Xəzər Universiteti, ali məktəblərin dünya reytinqinin sıralanmasında "Meydana çıxan Avropa və Mərkəzi Asiya"/Emerging Europe and Central Asia adlandırılan (yəni Şərqi Avropa, Keçmiş Sovet ölkələri və Türkiyənin yer aldığı) geniş bölgənin yüz ən yaxşı universiteti sırasında (2014, dekabr) yer aldı. Xəzər Universiteti mühəndislik və tətbiqi elmlərin inkişafını üstün/prioritet sahə elan edib, laboratoriyalar yaradır, yüksək texnologiyalar üzrə mütəxəssisləri (xariciləri, həmçinin xaricdə yaşayan azərbaycanlı alimləri) işə dəvət edir. Elektronika, tibb mühəndisliyi, yenilənə bilən enerji, inşaat materialları, neft mühəndisliyi, hüceyrə araşdırmaları və əsas təbiət elmləri üzrə laboratoriyalar qurulmuş və ya qurulmaq üzrədir. "Software/Yazılım" işi üzrə vacib və maraqlı işlər görmüşük, Tələbə İnformasiya Sistemi (Student Information System) və onu içinə alan İnformasiya Menecment Sistemi qurulub, "Shlumberger" şirkətinin hədiyyə etdiyi çox qiymətli (hər mənada) sistem Neft mühəndisliyi sahəsində başlanğıcdan sona qədər bütün iş prosesinin modelidir, tədqiqat və yüksək dərəcələr almaq üçün tədrisdə istifadə olunur, həmçinin Xəzər Universitetində inkişaf etdirilən Kimya mühəndisliyi, Film və Animasiya kimi sahələrdə də kompüter proqramlaşdırma işi ilə sıx bağlı işlər görülür. Virtual sahibkarlıq üzrə simulyasiya təlim mərkəzimiz fəaliyyət göstərir, o, gerçək dünya şəbəkəsinə qoşulub. Laboratoriyalar və texnoparkla bağlı bu ilk qurumlar universitetin hər 3 kampusunda (Nizami, Binəqədi və Yasamal rayonlarında) yer alıb. Xəzər Universitetinin elmi-tətbiqi bilik və metodlarının kommersiyalaşdırılması sahəsində iş aparmaq üçün 2011-ci ildə universitetdə Texnologiya Transferi Ofisi (TTO) yaradılıb. Texnologiya transferi fərdi, korporativ, regional, milli və qlobal səviyyədə tətbiqi bilik təcrübəsinin zənginləşməsi və texnologiyanın inkişafı baxımından çox vacibdir. Nəticədə, Azərbaycan-Türk ortaq modeli çərçivəsində dünyada qəbul olunmuş və Türkiyədə modifikasiya edilmiş yüksək texnologiyaların Xəzər Universiteti TTO vasitəsilə Azərbaycan şərtlərinə uyğun bir şəkildə ölkəyə transferi təmin ediləcək. Universitet Texnoparkının universitet kampusu ilə bir sahədə fəaliyyəti iki qurum arasında əlaqələrin daha sıx olması, universitet həyatında tətbiqi və elmi araşdırma işlərinin dəstəklənməsi, vahid imkanların genişlənməsi üçün unikal imkan açır.

Texnopark - Universitet əməkdaşlığı zəruridir

- Ümumiyyətlə, texnoparkların yaranması universitetlərin həyatına hansı dəyişikliklər gətirir, hansı imkanları yaradır?


- Texnoparkların inkişafı üçün universitetlərlə əməkdaşlıq etməsi zəruridir. Bu əməkdaşlıq hər iki tərəf üçün də yeni imkanlar açacaqdır. Texnoparklarla birgə əməkdaşlıq universitetlərə bir çox imkanlar yaradacaq. Buraya yeni texnologiyalara əsaslanan şirkətlərin yaranması və inkişafı; universitetdəki elmi-tətbiqi ideya və "know-how"-ları ticari hala gətirmək; sahibkarlığı gücləndirmək; iqtisadi fəaliyyətləri diversifikasiya etmək; texnologiya transferini artırmaq; R&D (Araşdırma və İnkişaf) fəaliyyətlərini sərmayəyə çevirmək; tətbiqi təhsil imkanlarını artırmaq; universitet məzunlarının is imkanlarını genişləndirmək; qazanc əldə etmək; yüksək əməkhaqqı ödənilən iş sahələri yaratmaq kimi imkanlar aiddir.

"İnvestorları qorxudan ilk amil, yəqin ki, budur"

- Azərbaycanda son illər startapların inkişafına diqqət yetirilir. Fikrinizcə, respublikada bu gün gələcəyi uğurlu görünən startaplar yaranırmı?


- Son illər ölkəmizdə startapların inkişafı üçün dövlət və özəl müəssisələr tərəfindən qrantların ayrılması yeni uğurlu startapların yaranmasını stimullaşdırır. Respublikada gələcəyi uğurlu görünən startaplar yaranması üçün kifayət qədər səbəblər var.

- Startapların dəstək alması, investorlar tərəfindən diqqət çəkməsi ilə bağlı hansı problemlər nəzərə çarpır?

- Bütün investorlar uğurlu layihələri maliyyələşdirmək istəyirlər. Startaplarda uğursuzluq riski böyük olduğundan investorları, yəqin, qorxudan ilk amil budur. Digər bir səbəb marağın olmaması və ya uzunmüddətli perspektivin başa düşülməməsi ola bilər. Başqa bir səbəb, digər bazarlardan (xarici) hazır məhsulların alınması ola bilər. Əsas səbəb isə investorlara müəyyən imtiyazların olmasıdır. Bu imtiyazlar yeni ideyalara, yeni başlanğıclara böyük stimul verə bilər.

"Vençur-startap əməkdaşlığının inkişaf etməsi üçün dövlət dəstəyinə ehtiyac duyulur"

- Necə düşünürsünüz, bu gün vencur təşkilatların startaplara kifayət qədər marağını artırmaq, vencur-startap əməkdaşlığını necə gücləndirmək olar?


- Elmi-texniki araşdırmaların, kəşflərin, ixtiraların, kiçik və yeni şirkətlər tərəfindən aparılan hər hansı riskli, lakin perspektivli xarakter daşıyan yeniliklərin tətbiq edilməsinin kreditləşdirmə və maliyyələşdirməsi üçün vençur şirkətlərə böyük ehtiyac var. Ölkəmizdə vençur təşkilatları ilə startaplar arasında əməkdaşlığı gücləndirmək və vençurların startap layihələrə marağını artırmaq lazımdır. Bu əməkdaşlığın inkişaf etməsi üçün dövlət dəstəyinə ehtiyac duyulur.

Startap layihələri üçün uğur formulu

- Startap layihələri üçün uğur formulu nədən ibarət ola bilər?

- Startap layihələrinin uğurlu olması üçün Azərbaycan bazarına uyğun olan rəqabətə davamlı layihələr hazırlanmalıdır. Starapların istiqamətləri bazarın tələbatına uyğun formalaşmalı, doğru qurulmuş maliyyə siyasəti əsasında qurulmalıdır. Startap layihələrinin uğur qazanması üçün digər faktorlardan biri doğru komanda və rəqabətə davamlılıqdır. Yanlış qiymət siyasəti, zəif məhsul, zəif marketinq, müştərilərə qarşı diqqətsizlik, məhsulu vaxtında çatdırmamaq startap layihələrin uğur qazanmasına mane olan başlıca amillərdəndir.


"Xəzər Universiteti Texnoparkının sənaye ilə iç-içə qurulması planlaşdırılır"

- Xəzər Universiteti Texnoparkı inkişaf edən texnoloji mühitin bir hissəsi ola bilmək üçün nə dərəcədə iddialıdır?

Universitetlər arasında bu sahədə rəqabət mühiti formalaşırmı? - Uşaq bağçalarından başlayaraq, ibtidai və orta məktəblərdə yüksək texnologiya ideyasını təbliğ və nümayiş etdirmək, təcrübi, praktik yönümlü dərslərə daha çox fikir vermək (ancaq nəzəriyyələri ön plana çəkən Sovet-Rus sindromundan xilas olmaq) lazımdır. Mühəndislik fakültələrində "əllə yaratmaq", məşğələləri tətbiqi layihələr üzərində qurmaq vacibdir. Ortaya problemi qoymaq, robot, elektromobil, günəş enerjisi ilə işləyən maşın/avtomobil, orijinal proqramlar yazılması, kiçik peyk düzəltmək, tullantıların yeni üsullarla emalı üzərində fikirləşmək...– budur mühəndislik təhsili, müəllim, mütəxəssis və tələbələrin iş-məşğələ birliyi! Sənaye müəssisələri (orta və kiçik/dinamik) olmasa, universitet-sənaye münasibətləri inkişaf etməz və texnopark fəaliyyəti ciddi nəticə verməz. Müxtəlif, amma bir-biri ilə sıx bağlı olan fəaliyyətləri həm fiziki yer, həm funksional baxımdan birləşdirmək lazımdır: Universitet (öz mühəndislik, tətbiqi elmlər, iqtisadiyyat və menecment sahələri ilə) + sənaye + laboratoriyalar + texnopark! Tətbiqi elmi işlərin əsas nəticəsi kommersiyalaşmadan, yeni məhsul yaratmaqdan, yeni cığır açmaqdan ibarət olmalıdır. Xəzər Universiteti Texnoparkının sənaye ilə iç-içə qurulması planlaşdırılır. Sənaye mərkəzli texnopark! Tələbələr də burda təcrübə keçir, burda yetişirlər. Texnoparkın texnoloji transfer və kommersiyalaşdırma ofislərində yeni məhsul yaradılması, keyfiyyət və məhsuldarlığın artırılması, xərclərin azaldılması, konsultasiya xidməti (reklam, marketing, training/təlim, təhsil, biznes planlama və strateji inkişaf xidməti...) göstərilməsi nəzərdə tutulur. Ankara Orqanizə Sənaye bölgələrini də bu işə yaxından cəlb etməklə, Türkiyə təcrübəsindən bəhrələnmək – belə ikitərəfli istəyimiz var. Azərbaycanı istehsal və ixrac ölkəsi edək! Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyasında (2013, 24 oktyabr, Azərbaycan Respublikası Prezidentinin sərəncamı) Təhsilin məzmunu, İnsan resurslarının formalaşdırılması, Səmərəli idarəetmə mexanizminin yaradılması (beynəlxalq təcrübə), Maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi kimi məsələlərlə yanaşı, Təhsil infrastrukturunun yaradılması (şəbəkə! kampuslar!) da əsas strateji inkişaf istiqamətləri sırasındadır. Bu, aydındır ki, universitetlərin, texnoparkların və laboratoriyaların yaradılmasını təşviq edir. Ümumiyyətlə, yüksək texnologiyaların, sənayenin, texnoparkların inkişaf planları mövcuddur və bu sahələrdə müəyyən addımlar atılıb. Xəzər Universitetinin Texnoparkını yaratmaqda da əsas məqsədimiz ölkədə bu istiqamətdə gedən islahatları dəstəkləmək, texnologiya transferini artırmaq, ümumilikdə görülən işlərə öz dəstəyimizi və töhfəmizi verməkdən ibarətdir.

Həqiqət İSABALAYEVA




10/07/15    Çap et