2019-cu ildə daşınan elektronikanın tədarükü 148 milyon ədədə çatacaq
“BI Intelligence” şirkəti yaxın gələcəkdə daşınan elektronikanın populyarlığının artacağını proqnozlaşdırır.
Şirkət mütəxəssislərinin qiymətləndirməsinə görə, növbəti beş ildə bədəndə daşınan qurğular bazarının həcmi orta hesabla ildə 35 faiz artacaq. 2015-ci ildə qurğuların tədarükü 33 milyon ədədə çatacaq, 2019-cu ildə 148 milyonadək artacaq.
Bildirilir ki, bazarda ən böyük kateqoriya “ağıllı” saatlar olmaqla "Apple Watch” liderlik edəcək. Ekspertlərin proqnozuna görə, 2015-ci ildə “smart” saatların daşınan elektronikanın ümumi tədarük həcmində payı 59 faiz təşkil edəcək, 2019-cu ildə 70 faizədək yüksələcək. Bu halda “Apple Watch” cari ildə kompüterləşmiş saatlar bazarının 40 faizini, 2017-ci ildə 48 faizini tuta bilər. Həmçinin qeyd olunur ki, “ağıllı” saatların tədarükü yaxın beş ildə ümumilikdə ildə 41 faiz artacaq.
Şirkət mütəxəssisləri həmçinin daşınan qurğuların tətbiqinə mane olan amillər qeyd ediblər. Onların fikrincə, “smart” saatların kütləvi şəkildə yayılması üçün onlar tam müstəqil kompüterləşmiş qurğuya çevrilməlidir. Bundan başqa, istehsalçılar saatların displeylərini və ümumilikdə qurğuların dizaynını tamamlamalı, batareyanın iş müddətini yaxşılaşdırmalı və onlar üçün çoxlu əlavələr yaratmalıdırlar, -
"DailyComm” yazır.