Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Niderland alimi xəstəlikləri proqnozlaşdıran kompüter sistemi hazırlayır


İnsanlarda bu və ya digər xəstəliklərin mümkün inkişafını proqnozlaşdıra bilən kompüter sistemi tezliklə reallığa çevriləcək. Belə ki, həmin sistemin hazırlanması ilə Niderlandın Erazma Rotterdram adına Universitetinin tibbi vizual professoru Viro Nissen məşğuldur.  
 
Sistem xəstəliyə meyilliliyin diaqnozunu maqnit-rezonans və kompüter tomoqrafiyası vasitəsilə əldə edilən on minlərlə təsvir əsasında qoyacaq. "Xəstələr 5-10 il nəzarət altında olanda və sonradan onlarda yaddaşla bağlı problemlər yaranmağa başladıqda və ya alsgeymer xəstəliyinin ilk simptomları özünü büruzə verdikdə, biz geri dönərək bir neçə il əvvəl çəkilən şəkillərə baxa bilərik. Bizim çoxlu şəkillərdən ibarət məlumat bazamız olsa, kompüter müəyyən xəstəliklərin əlamətlərini ilk simptomlar əmələ gəlməmişdən əvvəl aşkar edə bilər", - V.Nissen deyib.
 
 
Hazırda professor diqqəti ürək-damar xəstəliklərinin və neyrodegenerativ pozuntuların proqnozlaşdırılmasına yönəldib. Onun sözlərinə görə, lakin gələcəkdə sistemin fəaliyyətini digər xəstəliklərə də yaymaq mümkün olacaq.
 
"Bu, xəstələr üçün çox rahat olacaq. Biz xəstəliyi nə qədər tez aşkar etsək, bir o qədər onun inkişafını tez və dəqiq proqnozlaşdıra və müalicəyə düzəlişlər edə bilərik. Əslində, biz, həkimlərin işini xeyli asanlaşdıracaq sistem yaradırıq", - professor bildirib.  
 
Bu yaxınlarda alim kəşfinə görə nüfuzlu tibbi mükafata və 500 min avro məbləğində pul mükafatına layiq görülüb. O, bu vəsaiti genetik informasiyanın - DNK təsvirlərinin analizinin nəticələrinin uyğunlaşdırılması üsullarının işlənməsinə yönəltmək niyyətindədir, - "TASS" yazır.




13/07/15    Çap et