Əhaliyə müasir multimedia xidmətlərinin göstərilməsi üçün Zaqatala rayon Telekommunikasiya Qovşağının xidmət ərazisində ən müasir NGN texnologiyaları əsasında 12 yeni elektron ATS quraşdırılır.
Qovşağın rəisi Həsən Ömərov AZƏRTAC-a müsahibəsində bildirib ki, yeni stansiyalar “Aztelekom” İstehsalat Birliyinin həyata keçirdiyi “Multimedia xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq quraşdırılır. Onun sözlərinə görə, NGN texnologiyası əsasında quraşdırılan ATS-lər bir çox üstünlüklərə malikdir. Yeni nəsil şəbəkə texnologiyası istifadəçilərə telefon rabitəsi ilə yanaşı, multimedia xidmətləri, yüksək sürətli internet, video görüntülü rabitə və çoxlu sayda servis xidmətləri təqdim edir.
Qovşağın rəisinin bildirdiyinə görə, bu stansiyaların 2-si Zaqatala şəhərində, 10-u isə kəndlərdə quraşdırılır. Stansiyaların xətt təsərrüfatının qurulması və kabelləşmə işləri artıq başa çatmaq üzrədir. Yeni ATS-lərin quraşdırılması nəticəsində qovşağın ümumi montaj tutumu 4320 nömrə artaraq 25556 nömrəyə, internet avadanlığının montaj tutumu isə 12298-ə çatdırılacaqdır.