Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” smartfon bazarında gəlirin 92 faizinə sahiblənib


Yeni “iPhone 6” və “iPhone 6 Plus” sayəsində “Apple” şirkəti qlobal smartfon bazarında öz gəlirini artırmağa nail olub. Rəqibi “Samsung” isə əksinə, mövqeyini itirib.
 
“Canaccord Genuity” investisiya firmasının qiymətləndirməsinə görə, 2015-ci ilin birinci rübündə “Apple” korporasiyası smartfonların satışından əldə olunan dünya əməliyyat gəlirinin 92 faizinə sahiblənib. Hərçənd ki satılmış cihazların sayına görə "alma" şirkəti yalnız beşinci pilləni tutur.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Samsung” bu göstərici üzrə ikinci pillədə qərarlaşıb. Beləliklə, iki istehsalçı birgə 100 faizdən çox gəlir toplayıb. Bu, onunla izah olunur ki, başqa smartfon istehsalçılarının əksəriyyəti ziyanla işləyiblər.
 
“Apple” korporasiyasının smartfon bazarında payının 20 faizdən az olmasına baxmayaraq, şirkət öz məhsulunun yüksək qiymətini dəstəkləmək vəziyyətindədir və bu, “alma” şirkətinə “Android” qurğu istehsalçıları ilə müqayisədə daha çox gəlir qazandırır.
 
Belə ki, ötən il “iPhone” smartfonunun orta dəyəri 624 dollar təşkil edib və 2015-ci ilin ilk üç ayında sözügedən cihazın orta qiyməti 659 dollaradək yüksəlib.
 
Emil Hüseynov




13/07/15    Çap et