Avropol və İspaniya polisi kiberqruplaşma üzvlərini həbs edib
İspaniya polisi Avropol ilə birlikdə turistlərin oğurlanmış telefonlarından istifadə edərək 2 milyon avrodan çox vəsaiti mənimsəyən cinayətkar qruplaşma üzvlərini həbs edib. Bu barədə Avropa İttifaqı Polis Xidmətinin rəsmi saytında deyilir.
“Walker” adlandırılan birgə əməliyyat Barselonada keçirilib. İyulun 6-da İspaniya hüquq-mühafizə orqanları 9 şübhəli şəxsi saxlayıb və qanunsuz çağrı mərkəzinin fəaliyyətini dayandırıb. Əməliyyat zamanı 6 axtarış keçirilib, çoxlu sübutlar aşkar olunub. Axtarış zamanı cinayətkarlardan 100 mobil telefon və oğurlanmış SİM kart, 10 min avro nağd pul, kredit kartları, kompüter avadanlığı və digər qurğular müsadirə edilib. Şübhəlilər telekommunikasiya fırıldaqçılığında və qeyri-qanuni fəaliyyət nəticəsində əldə edilən pulların yuyulmasında təqsirli bilinirlər.
Cinayət sxemi sadə və təsirlidir: cinayətkarlar İspaniyada turistlərin mobil telefonlarını oğurlayaraq nömrələrdən zərərçəkən insanların yaşadıqları ölkələrin rabitə operatorları onları bloklayanadək istifadə ediblər. Avropol və İspaniya polisi qeyri-qanuni fəaliyyət haqqında sübutların toplanılması üçün telekommunikasiya şirkətləri ilə əməkdaşlıq ediblər. Kibercinayətkarlar Aİ-dən kənarda quraşdırılan və cinayətkar qrupun üzvləri tərəfindən idarə olunan bahalı nömrələrə fırıldaqçılıq zəngləri etməklə pulları öz hesablarına köçürüblər.
Aİ Polis Xidmətinin məlumatına görə, oğurlanmış məbləğ minimum 2 milyon avro təşkil edib, -
"SecurityLab” yazır.