Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Komitə sədri: “Elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi üzrə işlər icra olunur”
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 2015-ci ilin əvvəlində 3 SMS xidmət istifadəyə verilib. Ümumilikdə isə Komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə 227 minə yaxın elektron müraciət daxil olub. 2015-ci ildə mobil ofis xidmətləri vasitəsilə respublika üzrə vətəndaşlardan 45500 müraciət qəbul edilib.
Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan "Kütləvi çıxarış" kampaniyası çərçivəsində ümumilikdə 3800-ə yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib.
Bu haqda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov komitədə keçirilən müşavirədə bildirib. Komitə sədri qeyd edib ki, hesabat dövründə səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5808 illik xüsusi hesabat forması qəbul edilib:
"Bunlardan 4353-ü isə elektron formada təqdim olunub. 216 səhmdar cəmiyyətindən inventarlaşdırma aktları qəbul edilərək təhlil edilib. 2015-ci ilin yanvar-iyun aylarında 106 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 65 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 49 minə yaxını onlayn üsulla həyata keçirilib. 2015-ci ilin yanvar-iyun ayları ərzində 69 mindən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib. Həmçinin Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi üzrə işləri icra olunur". Onun szölərinə görə, sadə modelli kadastrı tərtib edilmiş 53 rayon mərkəzi, şəhər, qəsəbə və kəndi üzrə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Şəki rayonu istisna olmaqla) daşınmaz əmlakların mükəmməl elektron kadastr məlumat bazasının yaradılması üzrə işlər davam etdirilir. Eyni zamanda Almaniya Hökumətinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində Şəki və Gəncənin tam ərazisini əhatə edən kadastr işləri həyata keçirilir:
"Bu günədək Bakı şəhərinin 340 küçə və prospekti üzrə giriş nömrə nişanları və ünvan lövhələri, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi quraşdırılıb."
Komitə sədri həmçinin daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestri ilə bağlı tapşırıqlarını da səsləndirib. Bildirilib ki, qeydiyyatın aparılmasında "bir pəncərə" prinsipinin tətbiqi tam təmin olunmalı, vətəndaşların müraciətləri operativ həll edilməlidir. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı elektron xəritələrdən istifadə etməklə onların təyinatının müəyyənləşdirilməsi üçün nəzarət təmin olunmalıdır. Mühafizə zonalarında torpaq sahələrindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması üzrə ardıcıl nəzarət tədbirləri həyata keçirilməlidir. Mobil ofis xidməti, "Kütləvi çıxarış" kampaniyası, elektron və onlayn xidmətlərin göstərilməsində keyfiyyət və vətəndaş məmnunluğunun yüksəldilməsi təmin edilməlidir.
Həqiqət İSABALAYEVA
14/07/15 Çap et