Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2015-ci ilin 6 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 6 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib.
 
İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqindən irəli gələn vəzifələrdən söz açaraq, respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində ümumilikdə qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu bildirib.
 
 
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında baş verən bu inkişafın informasiya texnologiyaları sahəsində bir çox nailiyyətlərin əldə olunmasına şərait yaratdığını deyən nazir cari ilin 6 ayında sahə üzrə bir sıra uğurlara imza atıldığını qeyd edib. Xüsusən “Bakı-2015” ilk Avropa Oyunlarının müvəffəqiyyətlə başa çatmasından söz açan Ə.Abbasov bildirib ki, beynəlxalq idman tədbiri qlobal məkanda Azərbaycanın imicinə müsbət təsir etməklə yanaşı, bir çox sahələr, o cümlədən rabitə sahəsi üçün də texnoloji test meydançasını yaratdı və sahə bu sınaqdan da uğurla çıxdı.
 
 
Daha sonra kollegiya iclasında 6 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə Aparatın rəhbəri Vidadi Zeynalovun məruzəsi dinlənilib.




 


Bildirilib ki, hesabat dövründə sektorun inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verib və bunun nəticəsində sektorun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.0 faiz artıb. Sektorda əldə olunan gəlirlərin təxminən 80 faizi isə özəl sektorun payına düşüb. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir.
 
Eyni zamanda Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına  görə ümumdünya orta göstəricisini 22.7 faiz (dünya orta göstəricisi 15.2 ədəd), mobil abunəçilərin sayına görə isə 17 faiz  (mobildə dünya orta göstəricisi 96.1 ədəd) üstələyir.
 
Bundan başqa, hesabat dövründə kosmik layihələrin icrası, Azərbaycanda yüksək reytinqli Data Mərkəzin yaradılması, “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyətinin təşkili və digər yeni istiqamətlər üzrə işlər də davam etdirilib.
 
 
Sonra məruzə ətrafında RYTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə edilib.
 
 Kollegiyaya yekun vuran nazir Əli Abbasov sektor üzrə qazanılmış inkişaf tendensiyası, o cümlədən inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün qarşıda duran əsas prioritetlərdən söz açıb, müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.
 
 
Nazir, həmçinin, bütün sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xüsusən beynəlxalq rabitə trafiki ilə bağlı məsələlərin tənzimlənməsi, mobil rabitə və internetin inkişafı istiqamətində görülən işlərin genişləndirilməsi, özəl sahibkarlığın inkişafına dəstək verilməsi, rabitə sahəsində çalışan əməkdaşların  sosial vəziyyətinin yaxşılaşdırılmasının diqqətdə saxlanılması və digər məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.




15/07/15    Çap et