Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi keçiriləcək


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi keçiriləcək. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev bu haqda AMEA Rəyasət Heyətinin iclasında məlumat verib.
 
Akademiyadan qeyd edilib ki, son illər Azərbaycanda informasiya cəmiyyətinin uğurla formalaşması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran məruzəçi elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsinin alimlər qarşısında mühüm vəzifə olduğunu dilə gətirib. R.Əliquliyev bu məsələlərin həlli istiqamətində veb-resursların xüsusi əhəmiyyətini önə çəkərək aparılan ilkin araşdırmalar nəticəsində ortaya çıxan problemlərdən söz açıb:
 
 
 “AMEA-nın elmi müəssisələrinə məxsus bir sıra veb-saytlar dizayn,  proqram təminatı, informasiyanın dolğunluğu və aktuallığı baxımından müasir tələblərə cavab vermir”.
 
 
Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib, o cümlədən İTİ-yə Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində AMEA-nın veb-infrastrukturu və onun əhatə etdiyi veb-saytların monitorinqinin həyata keçirilməsi tapşırılıb.
 
Sözügedən qərarların icrasına nəzarət isə akademik Rasim Əliquliyevə həvalə edilib.
 
 
Həqiqət İSABALAYEVA
 




16/07/15    Çap et