Təhsil Nazirliyinin saytı yenilənib
Təhsil Nazirliyinin
yeni saytı ictimaiyyətə təqdim olunub. Nazirliyin binasında baş tutan təqdimatda bildirilib ki, müasir tələblərə cavab verən sayt məzmun, dizayn, istifadəçi rahatlığı, texniki imkanlar və interaktivlik baxımından əsaslı şəkildə yenilənib.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən dolğun məlumatlar yerləşdirilib.
Saytda Təhsil Nazirliyi rəhbərliyinin qəbul günləri, nazirlik sistemində fəaliyyət göstərən “Qaynar xətt” xidmətləri, nazirliyin struktur rəhbərlərinin əlaqə vasitələri, elektron müraciət, interaktiv və informativ xidmət bölmələri və nazirliyin elektron poçt ünvanları qeyd olunub.
Qanunvericilik bölməsində təhsil sahəsinə dair normativ-hüquqi sənədlər yer alıb.
Təhsilin bütün pillə və səviyyələri üzrə aparılan yeniliklər və islahatlar barədə saytdan ətraflı məlumat almaq mümkündür.
İstifadəçilər rahat menyu sistemi və çoxpilləli axtarış mexanizmi vasitəsilə istədikləri məlumatı rahat şəkildə taparaq sosial şəbəkələrdə paylaşa, şrifti böyüdüb-kiçildə, elektron poçt vasitəsilə göndərə və ya çap edə bilərlər.
Saytın proqram təminatı və informasiya təhlükəsizliyi də ən yüksək səviyyədə qorunur.
SEYMUR