Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil qurğularda ənənəvi SİM-kartlar ləğv ediləcək


İri smartfon istehsalçıları "Samsung Electronics” və “Apple” şirkətləri abunəçilərin mobil operatorlarla qarşılıqlı əlaqəsini dəyişməyə imkan verəcək yeni elektron SİM-kart standartının tətbiqini dəstəkləmək niyyətindədir.
 
Dünya mobil operatorlarını özündə birləşdirən "GSMA” Assosiasiyası tezliklə elektron SİM-kartların (E-SIM) spesifikasiyalarını təsdiq etməyi planlaşdırır. Texnologiya smartfon, planşet, “ağıllı” saatların və digər elektronikanın quraşdırılmış SİM-kartlarla satışını nəzərdə tutur və istifadəçilərə istənilən anda müxtəlif operatorlara keçməyə imkan verir.
 
Yeni standart artıq “AT&T”, “Deutsche Telekom”, “Etisalat”, “Hutchison Whampoa”, “Orange”, “Telefonica” və “Vodafone” operatorları tərəfindən dəstəklənib. Onlara tezliklə “Apple” və “Samsung” şirkətlərinin qoşulması gözlənilir.
 
Qeyd etmək lazımdır ki, "Apple” “E-SIM” ilə oxşar həlli artıq kommersiya bazarında istifadə edir.  Belə ki, son nəsil “iPad” planşetlərində müxtəlif operatorların şəbəkələrinə keçməyə imkan verən “Apple SIM” SİM-kartı quraşdırılıb.
 
“GSMA”-nın ideyası ondan ibarətdir ki, dəyişdirilən SİM-kartlar tam ləğv olunacaq və onların yerini çiplər tutacaq. Bu yenilik istehsalçılara smartfonların qalınlığını azaltmağa imkan verəcək və bütün yeni qurğularda mobil ödənişlər funksiyasının quraşdırılmasına şərait yaradacaq, - "DailyComm” yazır.




21/07/15    Çap et