Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ dövlət katibinin köməkçisi ilə regionda informasiya və kommunikasiya seqmentlərinin inkişafı müzakirə olunub


Azərbaycan Respublikasının regionda, eləcə də ölkədə informasiya və kommunikasiya seqmentlərinin inkişafına verdiyi töhfə və onun müsbət nəticələri barəsində Amerika Birləşmiş Ştatlarının rəsmi dairələrinə məlumat verilib.
 
“ICTnews.az”-ın məlumatına görə, bu gün xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavinin baş köməkçisi Riçard Hoqland ilə görüşüb.
 
XİN-in mətbuat xidmətindən bildirilib ki, görüşdə nəqliyyat və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
 
Riçard Hoqland ölkəsinin İpək Yolunun inkişaf etdirilməsi üzrə olan təşəbbüsləri dəstəklədiyini qeyd edərək Azərbaycanın bu istiqamətdə vacib rola malik olduğunu vurğulayıb. O, bu təşəbbüslərin həyata keçirilməsinin Avrasiya regionu boyunca sabitlik, çiçəklənmə və əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.
 
 
E.Məmmədyarov qeyri-neft sektorunun inkişafı strategiyasının vacib elementi olaraq, Azərbaycan tərəfindən nəqliyyat infrastrukturunun imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb.
 
Bu xüsusda  E.Məmmədyarov Bakı-Tbilisi-Qars və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının kəsb etdiyi əhəmiyyəti qeyd edərək, Azərbaycanın tarixi İpək Yolunun dəmir yolu, quru, dəniz, hava və hətta informasiya və kommunikasiya seqmentlərinin inkişafına əsaslı töhfə verdiyini vurğulayıb.    
 
 
Həmçinin, görüşdə Azərbaycan-ABŞ əlaqələrinə dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib. 
 
 
SEYMUR
 
 




23/07/15    Çap et