Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda "Elektron qaimələrin tətbiqi" mövzusunda ekspert missiyası layihələsi keçiriləcək
Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların dünya üçün əhəmiyyətli tədbirlərində ölkədə həyata keçirilən "Elektron hökumət" və bu istiqamətdə əldə olunan təcrübələrlə daha çox diqqət mərkəzində olur. Rəsmi Bakının reallaşdırdığı "E-hökumət" layihəsi uğurlu fəaliyyəti ilə hər kəsin rəğbətini qazanır. Bu barədə Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi, 1-ci dərəcəli müfəttiş Orxan Musayevin bildirib.
Təmsil etdiyi nazirliyin bu günə qədər "E-hökumət" istiqamətində bir neçə tədbir keçirdiyini vurğulayan O.Musayevin sözlərinə görə, Avropa İttifaqının TAIEX yardım alətindən istifadənin genişləndirilməsi məqsədilə "Elektron ticarətin vergiyə cəlb edilməsi" və "Nağdsız ödənişlərin stimullaşdırılması" üzrə TAIEX ekspert missiyasının təşkil edilməsi bu qəbildəndir: "Ümumiyyətlə qeyd etmək istərdim ki, beynəlxalq vergi münasibətlərində ikitərəfli əməkdaşlığın perspektivlərinin artması ölkəmizin xarici iqtisadi fəaliyyətinin iştirakçılarının sayının genişlənməsi ilə bağlıdır.
Zənnimcə, dövlətlərin sıx əməkdaşlığının əsasını onların iqtisadi inkişafındakı oxşarlıq, texnoloji təkamüllər, milli iqtisadiyyatların inkişaf səviyyəsi təşkil edir.Təcrübə mübadiləsi davamlı inkişaf üçün çox önəmlidir. Biz modernləşmə xəttini əsas götürərək məqsədyönlü islahatlar aparmaq məqsədilə ən qabaqcıl beynəlxalq təcrübəni təhlil etməklə bərabər, onun tətbiqi imkanlarını da araşdırırıq. Bu məqsədlə Çin və Sinqapurla uğurlu əməkdaşlıq qurulub.
Qeyd etmək lazımdır ki, üzv olduğumuz təşkilatlar çərçivəsində keçirilən seminarlarda, forumlarda xarici vergi administrasiyalarının nümayəndələri Azərbaycanda vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi ilə əlaqədar fəaliyyəti, vergi ödəyicilərinə göstərilən xidmətlər, xüsusən də elektron xidmətlərlə daha çox maraqlanırlar. Xarici həmkarlarımız ölkəmizdə mütərəqqi texnologiyalar tətbiq edilməsindən, vergi ödəyiciləri ilə əməkdaşlıq formatında münasibətlərin qurulmasından, vergi mədəniyyətinin formalaşdırılmasına innovativ yanaşılmasından xəbərdardırlar. Ölkəmizə səfər etməkdə məqsədləri də qeyd edilən sahələrdə təcrübə mübadiləsi aparmaqdır. Azərbaycanın həyata keçirdiyi vergi nəzarətində avtomatlaşdırılmış vergi informasiya sistemi, vergitutma sahəsində risk meyarlarının müəyyən edilməsi və istifadəsi, eləcə də nəzarət-kassa aparatlarının tətbiqi məsələləri digər ölıkələr üçün modelə çevrilib".
O.Musayev bildirib ki, növbəti aylarda TAIEX yardım aləti çərçivəsində Avropa Komissiyası tərəfindən qəbul olunmuş "Elektron qaimələrin tətbiqi" mövzusunda ekspert missiyası layihələrinin keçirilməsi gözlənilir. Onun sözlərinə görə, "Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan"ın əsas məqsədlərindən birinin beynəlxalq təcrübəni təhlil edərək vergi qanunvericiliyinin Avropa İttifaqının direktivlərinə uyğunlaşdırılması olduğunu, eyni zamanda Aİ ilə texniki əməkdaşlıq aləti üzrə əməkdaşlığın prioritet istiqamətlərdən birinə çevrildiyini nəzərə alaraq, 2016-cı il üçün Fəaliyyət Proqramında vergi sisteminin inkişafı və təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri kimi göstərilməsi təklif olunub.
Seymur Qasımbəyli
27/07/15 Çap et