Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il “4G” çiplərin qiyməti yarıbayarı azalacaq


Smartfonlara ümumi tələbatın azalması şəraitində bu qurğuları dördüncü nəsil mobil rabitəsi (LTE) ilə təmin edən çiplərin qiyməti ucuzlaşır. Bu tendensiya barədə “DigiTimes” nəşri məlumat verib.
 
Bildirilir ki, 2015-ci ilin əvvəlində mobil “4G” mikrosxemlərinin qiyməti təxminən 40 faiz enib. İkinci yarımillikdə onların qiyməti azalmaqda davam edəcək, ilin yekunları üzrə yarıbayarı aşağı düşəcək.
 
“LTE” çiplərinin sürətlə ucuzlaşması yarımkeçiricilər sahəsinin bu seqmentində rəqabətin intensivliyindən xəbər verir. Müqayisə üçün qeyd edək ki, “3G” rabitəsi üçün çiplərin qiymətinin 50 faiz azalmasına iki ildən çox, “2G” üçün 3-4 il vaxt lazım olub.
 
“Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən orta və yüksəksəviyyəli smartfonların satışının zəif olmasına görə “Qualcomm” və “MediaTek” kimi iri yarımkeçirici istehsalçıları yeni sifarişləri cəlb etmək üçün məhsulların qiymətlərini azaltmaq məcburiyyəti ilə üzləşib.
 
Bundan başqa, Çində və inkişaf etməkdə olan ölkələrdə smartfonların satışını azaldan dolların yüksək məzənnəsi ikinci rübdə qiymətlərin aşağı düşməsini sürətləndirən “4G” mikrosxem istehsalçılarının biznesinə böyük təsir göstərib, - “DailyComm”  yazır.




28/07/15    Çap et