Nyu-Yorkda fotonika mərkəzinin yaradılmasına 600 milyon dollar ayrılacaq
ABŞ-ın Nyu-York ştatının şimal-qərbində yerləşən Roçester şəhərində fotonika sahəsində Milli Tədqiqatlar Mərkəzi yaradılacaq. Bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden və Nyu-York ştatının qubernatoru Endryu Kuomo bildirib.
Mərkəzin yaradılmasına federal büdcədən, ştatın büdcəsindən, eləcə də elmi müəssisələrin və iri sənaye şirkətlərinin vəsaitindən ümumilikdə 600 milyon dolların ayrılması nəzərdə tutulur.
Roçester Universitetinin və Roçester Texnologiyalar İnstitutunun yerləşdiyi Roçester şəhəri ABŞ Müdafiə Nazirliyinin tərəfindən keçirilən müsabiqənin qalibi olub. Müsabiqədə həmçinin Kaliforniya və cənubi Florida ştatları iştirak edib. Bundan başqa, Roçesterdə optika sahəsində tədqiqatların aparılması ənənələri var. Belə ki, “Kodak”, “Bausch & Lomb” və “Xerox” kimi şirkətlər ilk fəaliyyətə burada başlayıb.
Sənayedə İnnovasiyalar üçün İnteqrasiyalı Fotonika İnstitutu (Integrated Photonics Institute In Manufacturing Innovation: AIM Photonics) adlandırılan mərkəzin yaradılması fotonika sahəsində milli təşəbbüs çərçivəsində ABŞ Fizika Cəmiyyəti və Optika və Fotonikada Tədqiqatlar üzrə Beynəlxalq Cəmiyyətin iştirakı ilə həyata keçirilir.
Fotonika elmin robot istehsalı, tibb, eləcə də hərbi işləmələrin daxil olduğu perspektivli istiqamətdir, -
“TASS” yazır.