Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya planşetlər bazarının həcmi 15 faiz azalıb


"Digitimes Research" analitik şirkətinin məlumatına görə, 2015-ci ilin ikinci rübündə dünyada planşetlərin tədarükü 45,67 milyon ədəd təşkil edib. Ötən rüblə müqayisədə tədarük həcmi 10 faiz, illik ifadədə 15 faiz azalıb.  

Azalmaya səbəb olan amillər arasında mütəxəssislər bir sıra əsas bazarlarda valyutaların ABŞ dollarına nisbətdə məzənnəsinin aşağı düşməsinə görə əmələ gələn mənfi nəticələri, iriölçülü smartfonların populyarlığının artmasının davam etməsini və anbarlarda çoxlu məhsulun yığılıb qalmasını qeyd edirlər.

Qeyd olunan həcmdən 16,6 milyon qurğu "white-box" sxemi üzrə fəaliyyət göstərən brend olmayan istehsalçılar tərəfindən tədarük edilib. Markasız planşetlərin tədarükü rüblük hesablamada 10 faiz azalıb ki, bu da iriölçülü smartfonların yayılmasına görə tələbatın zəifləməsi və brend məhsullar tərəfindən rəqabətin güclənməsi ilə əlaqədardır.  

"iPad" planşetlərində də azalma müşahidə edilib. Belə ki, "Apple" planşetlərinin tədarükü 10,3 milyon ədədə bərabər olub. Ekspertlərin fikrincə, yaxın gələcəkdə "Apple" mövcud "iPad mini" xəttini istehsaldan çıxaracaq və bu ilin dördüncü rübünün əvvəlində yeni model təqdim edəcək.

Həmçinin bildirilir ki, digər brend istehsalçılar aprel-iyunda ümumilikdə 18,86 milyon planşet tədarük edib ki, bu da ötən rübün göstəricisindən 7,4 faiz azdır. İri planşet istehsalçıları reytinqində "Samsung Electronics" və "Lenovo" şirkətləri "Apple"-dan sonra ikinci və üçüncü yeri tutur. "Microsoft" korporasiyası "Surface" planşetlərinə yüksək tələbat fonunda dördüncü yerə yüksəlməyə nail olub, -  "DailyComm" yazır. 




29/07/15    Çap et