Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Almaniya “Facebook”-a saxta adla qeydiyyatdan keçmiş istifadəçilərin hesablarını bloklamağa icazə vermir
“Facebook” sosial şəbəkəsi Almaniyada alman qanunlarına görə fəaliyyət göstərməlidir və buna görə saxta adla qeydiyyatdan keçmiş istifadəçilərin hesablarını bloklamaq hüququna malik deyil. Bu haqda Hamburq federal əyalət hökumətinin məlumatlarının mühafizəsi üzrə hüquqşünası Yohannes Kaspar deyib.
Hüquqşünas bildirib ki, istifadəçilər sənədin skanerdən çıxarılmış surətinin köməyi ilə sosial şəbəkənin ad və soyadı təsdiqləməyə dair tələbinə tabe olmaq məcburiyyətində deyillər. Kaspar təkid edir ki, “Facebook” onların qaydalarına əməl etməkdən imtinaya görə birtərəfli qaydada şəxsi səhifələri bloklamağı dayandırmalıdır.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sözügedən sosial şəbəkənin alman qadından öz adını təsdiqləmək tələbi müzakirələrə səbəb olub. Alman qadının “Facebook”-dan öz təxəllüsü ilə istifadə etdiyi məlum olduqdan sonra moderatorlar qadının razılığı olmadan onun fərdi məlumatlarına dəyişiklik ediblər. Qadın sənədlərin surətini təqdim edənədək moderatorlar səhifəni bloklayıblar.
Kaspar əmindir ki, bu, almanların şəbəkədə məxfilik hüququnu pozur və yerli qanunvericiliyə ziddir. "Hamburqda “Facebook”-un nümayəndəliyi var. Bizim ərazimizdə fəaliyyət göstərən qaydalarımıza hörmətlə yanaşmalıdır”, – hüquqşünas deyib.
Emil Hüseynov
29/07/15 Çap et