“Elektron hökumət” portalında Səhiyyə Nazirliyinin 36 elektron xidmətindən 33-ü yer alıb
Əhalinin sağlamlığının təmin olunması, infeksion və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi üçün obliqat qruplara aid edilən şəxslər mütləq həm işə daxil olanda, həm də sonralar dövri olaraq tibbi müayinələrdən keçməlidirlər.
Bu qrupa əsasən sosial sahələrdə çalışan şəxslər - həkimlər, müəllimlər, yeyinti məhsulları, qida sənayesində, fabriklərdə, otellərdə çalışanlar, bir sözlə, əhali ilə daha çox ünsiyyətdə olan insanlar daxildir.
Məcburi olan bu prosesin məqsədi belə xəstəlikləri vaxtında aşkarlamaq və yayılmasına imkan verməməkdir: Onların vaxtında müayinədən keçməsinə nəzarəti daha da gücləndirmək, prosesi şəffaflaşdırmaq məqsədi ilə Səhiyyə Nazirliyində müvafiq informasiya sistemi də yaradılıb.
Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzləri həmin müəssisələrin mütəmadi müayinədən keçməyini təmin edir. Obliqat əhali qrupu müayinədən poliklinikalarda, tibb müəssisələrində pulsuz olaraq keçirlər.
Eyni zamanda müayinənin nəticələrinə uyğun olaraq, obliqat qrupa aid olan vətəndaşlar işə buraxılma icazəsi verilir. Sözgedən şəxslər bu haqda son nəticəni, yəni icazə ilə bağlı məlumatı SMS vasitəsilə ala bilərlər. Müvafiq xidmət nazirliyin “Obliqat qrupa aid olan vətəndaşların işə buraxılma icazəsinin olması barədə SMS vasitəsi ilə xəbərdarlıq verilməsi” adlanır.
Xidmətin yaradılmasının əsasına gəlincə, bu xidmət “Tibbi müayinə kartı” sisteminin tətbiqi Qaydaları nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli 142 nömrəli qərarı ilə yaradılıb. Qeyd olunduğu kimi, xidmətin məqsədi obliqat qrupa aid olan vətəndaşların tibbi müayinəsinin keyfiyyəti və vaxtında aparılmasıdır. Xidmətdən istifadə qaydasına gəldikdə, obliqat qrupa aid olan vətəndaş mobil telefon vasitəsilə 9103 nömrəsinə “İCAZE” sözünü və “Tibbi müayinə kartı”nın üzərindəki 12 rəqəmli unikal kodunu qısa mesaj (SMS) ilə göndərməlidir. Qısa müddət ərzində sistem vətəndaşın işə buraxılma icazəsinin olması barədə məlumatı abonentə göndərir. Xidmətdən “Azercell”, “Bakcell”, “Azerfon” (Nar) istifadəçiləri yararlana bilərlər.
Xidmət nazirliyin rəsmi saytında yer alsa da, indiyə qədər “
www.e-gov.az” a daxil edilməyib.
Qurumun vahid portala inteqrasiya edilməyən digər xidmətlərinə “
Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi” və “
Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu” daxildir.
“Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun (icazənin) verilməsi” xidmətinin məzmununa gəlincə, o, özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi üçün bu reqlamentə əlavədə göstərilən ərizə formasının və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.
Qeyd edək ki, hazırda “Elektron hökumət” portalında Səhiyyə Nazirliyinin 36 xidmətindən 33-ü yer alıb.
Həqiqət İSABALAYEVA