Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ali təhsil müəssisələrinə intenet vasitəsi ilə ixtisas seçimi başladı


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. İxtisas seçimi iyulun 30-dan avqustun 11-dək internet vasitəsi ilə aparılır.
 
Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "www.eservices.tqdk.gov.az/erizebak/ixtisas1" internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.
 
Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə bilər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri üzrə və V ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlər TQDK-nın müəyyən etdiyi tələbləri ödədikləri halda, imtahanında iştirak etdikləri hər iki qrupun ixtisaslarını seçə bilərlər.
 
İxtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir.
 
 
 İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir. I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

"Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə müsabiqədə ümumi balı 300-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan "Riyaziyyat", "Fizika" və "Kompüter elmləri" ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
 
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan "Riyaziyyat", "Fizika" və "Kompüter elmləri" ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsində ümumi balı 300-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Aşağıda göstərilmiş kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur):

- Aqromühəndislik;

- Torpaqşünaslıq və aqrokimya;

- Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;

- Meşəçilik;

- Aqronomluq;

- Zootexniklik;

- Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə).

II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dillər Universitetinin "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq (regionlar üzrə)" ixtisaslarının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan "Sosiologiya", "Beynəlxalq münasibətlər", "Dünya iqtisadiyyatı", "İqtisadiyyat" və "Turizm və otelçilik" ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin "Beynəlxalq münasibətlər", "Regionşünaslıq (regionlar üzrə)" ixtisasları və Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan "Sosiologiya", "Beynəlxalq münasibətlər", "Dünya iqtisadiyyatı", "İqtisadiyyat", "Turizm və otelçilik" ixtisasları üzrə xarici dil fənni istisna olmaqla). "Yer quruluşu, torpaq və şəhər kadastrı" ixtisası üzrə ödənişli əsaslarla ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur). Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. "Jurnalistika" ixtisasının müsabiqəsində ana dili və ədəbiyyat fənlərinin hər biri üzrə ayrılıqda nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Dillər Universitetinin "Tərcümə (dillər üzrə)" ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan "Jurnalistika", "Tarix", "Hüquqşünaslıq" və "Kitabxanaçılıq və informasiya" ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin "Filologiya (alman dili və ədəbiyyatı)" ixtisasının müsabiqəsində alman dili fənni üzrə nisbi balı 40-dan az olmayan, "Filologiya (fransız dili və ədəbiyyatı)"ixtisasının müsabiqəsində isə fransız dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.


Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin "Tərcümə (dillər üzrə)" ixtisası və Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan "Jurnalistika", "Tarix", "Hüquqşünaslıq", "Kitabxanaçılıq və informasiya", "Filologiya (alman dili və ədəbiyyatı)", "Filologiya (fransız dili və ədəbiyyatı)" ixtisasları üzrə xarici dil fənni istisna olmaqla). Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan "Psixologiya", "Kimya", "Biologiya" və "Ekologiya" ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə attestat qiyməti "5" olan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Aşağıda göstərilmiş ixtisasların kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur):
 
- Baytarlıq;
 
- Ekologiya (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə);
 
- Su bioehtiyatları və akvabitkilər;
 
- Əczaçılıq (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə).
 




30/07/15    Çap et