Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gömrük keçid məntəqələrində də səyyar poçt xidmətləri göstərilir
“Azərpoçt” MMC səyyar poçt və maliyyə xidmətini genişləndirir. Artıq yeni xidmət gömrük keçid məntəqələrində də göstərilməyə başlanılıb. Belə bir təcrübə Xaçmaz Regional Poçt Filialı tərəfindən Yalama gömrük keçid məntəqəsində həyata keçirilir.
Gömrükdən ölkəmizə keçən və ölkəmizdən xaricə səfər edənlər səyyar poçt avtomobili vasitəsilə göstərilən bütün poçt xidmətlərindən- məktub, bağlama və banderolların, teleqramların göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərindən yararalana bilər. “Azərpoçt” MMC-dən verilən məlumatda qeyd edilir ki, gələcəkdə hər regional filiala səyyar poçt xidməti göstərilməsi üçün avtonəqliyyatın alınması nəzərdə tutulub. Bu xidmət dünya təcrübəsində özünü doğruldub.
Qeyd edək ki, “Azərpoçt” MMC-nin xüsusi təyinatlı mobil xidmət avtomobillərinin fövqəladə hallar zamanı, poçt xidmətlərinin istifadəsinin mümkün olmadığı şəraitdə istifadə olunur. Belə bir xidmət Bakının Binəqədi rayonunda çoxmərtəbəli binadakı yanğından zərərçəkənlərə və Kür daşqınları zamanı fövqəladə vəziyyətin hökm sürdüyü yaşayış məntəqələrində təqdim edilmişdi.
RƏVAN
04/08/15 Çap et