Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sentyabr ayının 1-dən yerli kabel televiziyası kanallar paketini yeniləyəcək


2015-ci il sentyabr ayının 1-dən kabel televiziyası operatorlarında baza paketinə görə aylıq abunə haqqı 10 AZN  tətbiq olunacaq.
 
Baza paketində tarif dəyişikliyinə səbəb ilk növbədə məzmunlu və daha keyfiyyətli televiziya yayımın təmin olunmasıdır. Belə ki, tarif dəyişikliyindən sonra rəqəmli yayım baza paketində müxtəlif mövzuları əhatə edən ən baxımlı, əhali arasında yüksək tələbata malik telekanallar cəmləşəcək. Bundan əlavə baza paketinə daxil olan müəyyən telekanallar bir neçə dildə yayımlanacaq.
 
 “Caspian Telecom” Mətbuat xidmətindən qeyd edilib ki, tarif dəyişikliyi ilə yanaşı kabel televiziyası xidmətlərinin keyfiyyətinin artırılması və yüksək keyfiyyətli yayımın təmin olunması gündəmdədir.
 
 Bununla bağlı telekanalların yayımında vahid standartların işlənməsi, ən qabaqcıl texnologiyaların tətbiqi, kabel televiziyası operatorlarının əhatə dairəsinin genişləndirilməsi və digər texniki məsələlərin icrasına başlanılıb.
 
Tarif dəyişikliyi sentyabrın 1-dən qüvvəyə minəcək.
 
Bu tarixədək abunəçilər hazırkı 9 AZN tarifinə uyğun olaraq kabel televiziyası xidmətlərindən istifadə edəcək.
 
 
 
Həqiqət İSABALAYEVA




05/08/15    Çap et