Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ƏMDK: “Vahid elektron baza yaradılarsa, xidmətlərin keyfiyyət səviyyəsi də artırıla bilər”
Azərbaycanda Sloveniya modeli əsasında daşınmaz əmlakın vahid elektron kadastr qiymətləndirmə bazasının yaradılması təklif olunur.
Digər təklif vətəndaşların və digər maraqlı tərəflərin müxtəlif sahələr (meşə, yol, rabitə, kadastr və s.) üzrə məlumatlara çıxışının təmin olunması üçün “Elektron hökumət” vasitəsi ilə vahid bazadan məlumatların idarə olunması sisteminin tətbiqi ilə bağlıdır.
Həmçinin əməliyyatların müasir texnologiya və “E-hökumət” sisteminə əsaslanmaqla həyata keçirilməsi zəruri şərt kimi irəli sürülür. Həmçinin ölkəmizdə torpaqların idarə olunmasında Sloveniya təcrübəsi də daxil olmaqla, Avropa İttifaqında tətbiq olunan standartlardan istifadə edərək digər sahələrdə də təkmilləşdirmənin aparılmasına zərurət var.
Bu məsələlər torpaqların monitorinq üsullarının təkmilləşdirməsi, xüsusilə də qərar qəbul olunmasında torpaqlar haqqında mövcud məlumatlara çıxışın təmin olunması, lüzumsuz məhdudiyyətlərin aradan qaldırılması; torpaqların qiymətləndirilməsində Vahid Assosiasiyaların yaradılması və ixtisaslaşmış şəxslər tərəfindən torpaqların qiymətləndirilməsinin həyata keçirilməsi; torpağın təyinatının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri və cərimələr haqqında əhalinin geniş maarifləndirilməsi və cərimələrin tətbiqinə başlanılmasıdır.
Sadalanan istiqamətlər Əmlak Məsələləri Dövlət Komitəsində Avropa İttifaqının “TAIEX” yardım aləti çərçivəsində “Torpaqların idarə edilməsi üzrə monitorinq üsulları” mövzusunda keçirilən təlimində səsləndirilib. Bu təlim Sloveniya təcrübəsinə həsr olunmuş torpaqların müasir üsulların tətbiqi ilə səmərəli istifadəsi, mühafizəsi ilə bağlı monitorinqlərin keçirilməsi, torpaqların beynəlxalq təcrübəyə əsasən qiymətləndirilməsi, torpaqların təyinatının dəyişdirilməsinin əsaslandırılması və torpaq idarəçiliyinə həsr olunmuş digər mövzuları əhatə edib.
Komitədən qeyd edilib ki, bu məqsədlə Sloveniyanın Dövlət Torpaq və Xəritəçəkmə Agentliyinin sədr müavini Tomas Petek ölkəmizdə səfərdə olub. Təlimi aparan Tomas Petek 1991-ci ildə müstəqillik qazandıqdan sonra Sloveniyanın əldə etdiyi torpaq islahatı ilə bağlı təcrübəni geniş şəkildə təlim iştirakçılarına çatdırıb.
Beləliklə, TAIEX yardım aləti çərçivəsində keçirilmiş tədbirdə əldə olunan məlumatlardan və Sloveniya modelindən faydalanaraq, Azərbaycanda torpaqların idarə olunması və monitorinqi üsulları sahəsində təkmilləşdirmələr aparmaq mümkündür. Belə ki, vahid elektron baza yaradılarsa və maraqlı şəxslərin ona rahat çıxışı təmin edilərsə, xidmətlərin keyfiyyət səviyyəsi də artırıla bilər.
Avropa İttifaqının direktivinə əsasən, Sloveniyada “INSPIRE” təşəbbüsü tətbiq edilir.
“INSPIRE” – məkan məlumatlarının vahid bazadan alınması modelidir.
Bu sahədə növbəti addım kimi Azərbaycan Respublikasının iqtisadi, siyasi və mədəni inkişafı dönəmində torpaqların idarə edilməsi və kadastrı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, mövcud sənədlərin rəqəmsallaşdırılması, avtomatlaşdırılmış kadastr məlumat bazasının yaradılması üzrə Avropa ölkələrinin təcrübəsindən yararlanmaq məqsədəuyğun hesab edilir.
Həqiqət İSABALAYEVA
05/08/15 Çap et