Nazir “NoObs” komandasının üzvlərini fəxri fərmanla təltif edib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmrinə əsasən, "Microsoft Imagine Cup 2015" beynəlxalq innovasiyalar müsabiqəsinin qaliblərindən biri olan "
NoObs" komandasının üzvləri Azərbaycanı texnoloji məkanda layiqincə təmsil edərək ikinci yeri qazandıqlarına görə fəxri fərmanla təltif ediliblər.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bu gün "
NoObs" komandasının iştirakçılarına Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri Nizami İsmayılova, Arif Mövsümzadəyə, Fidan Rüstəmovaya və Ülviyyə Rüstəmovaya fəxri fərmanlar təqdim edilib.
Müsabiqə üç kateqoriya üzrə keçirilib: "WorldCitizenship" (dünya vətəndaşlığı, məhdudlaşdırılmış imkanlı insanlar üçün layihələr), "Games" (oyunlar) və "Innovation" (innovasiyalar).
"NoObs" komandası "Microsoft Azerbaijan" şirkəti ilə birgə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar Parkı və "Nar" mobil operatoru tərəfindən keçirilmiş "ImagineCup" lokal seçim turunun qalibi olub.
Komanda "Bluetooth" tənzimçilərin dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan "Windows Phone" platformalı smartfonlar üçün proqram təminatı olan "
Spinal" layihəsini təqdim edib.
Qeyd edək ki, beynəlxalq müsabiqədə dünya ölkələrindən 33 komanda iştirak edib və Azərbaycan komandası müsabiqədə ilk dəfə iştirak edib.
Aynur Vəliyeva