Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qarabağın mədəni irsi ilə bağlı elektron toplu hazırlanır
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə rus dilində "Qarabağ ədəbiyyatı" elektron toplusu hazırlanır. Topluda orta əsrlərdən müasir dövrədək Qarabağda yaşayıb-yaratmış 100-dən çox şair, yazıçı və mütəfəkkirin bioqrafiyası, yaradıcılığı və əsərlərindən nümunələri ilk dəfə toplu halında rusdilli oxuculara təqdim ediləcək.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, layihə "Effektiv Təşəbbüslər Mərkəzi" İctimai Birliyi tərəfindən həyata keçirilir.
Toplu ictimai birliyin 2009-cu ildən həyata keçirdiyi "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə" layihəsinin növbəti mərhələsidir. "Qarabağ ədəbiyyatı" toplusu "www.azerbaycanli.org" saytının rus versiyasında yerləşdiriləcək.
Layihə müəllifləri qeyd edirlər ki, mədəni irs hər bir xalqın yaşadığı torpaqda tarixini, qədimliyini sübut edən başlıca meyardır. Əzəli yurd yerimiz olan Qarabağda yaşayıb-yaratmış mütəfəkkir və ədiblərin zəngin irsi də bu baxımdan xüsusilə dəyərlidir. Bu irsin öyrənilməsi, tədqiq və təbliğ olunması, müxtəlif xarici dillərdə dünyaya çatdırılması böyük əhəmiyyət daşıyır.
Rus dilində "Qarabağ ədəbiyyatı" toplusu da bu məqsədə xidmət edir.
Həqiqət İSABALAYEVA
06/08/15 Çap et