Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat və İnformasiya Mərkəzinin açılışı oldu
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mətbuat və İnformasiya Mərkəzinin (MİM) açılışı oldu. Müasir standartlara əsaslanan yeni üslublu mərkəzin açılış mərasimində nazir Əli Abbasov iştirak edib.
Bu gün informasiya cəmiyyətinin inkişaf etdiyi, qlobal informasiya məkanında yeni tələb və trendlərin formalaşdığı zamanda bütün informasiya təsisatlarının öz strukturunda dəyişikliklər etməsi labüddür.
Bu baxımdan müasir standartlara və ən son texnolgiyalara əsaslanan mərkəzin fəaliyyəti məqsədəuyğundur.
RYTN-in informasiya siyasətinin tənzimlənməsi, RYTN-in həyata keçirdiyi tədbir və layihələrin təşviqi, ictimaiyyətin məlumatlandırılması funksiyalarını Mətbuat və İnformasiya Mərkəzi yerinə yetirəcək
Nazirin müşaviri Müşfiq Əmirov məlumat verdi ki, mərkəzin nəzdində nazirliyin rəsmi saytı (www.mincom.gov.az), "Rabitə dünyası" qəzeti və "ICTnews" Elektron Xidməti fəaliyyət göstərəcək.
Eyni zamanda, yaradılması nəzərdə tutulan internet televiziyasının da bu mərkəzdən idarə olunması planlaşdırılır.
Mərkəz eyni zamanda nazirlik , idarə və müəssisələrin fəaliyyətinə dair məlumat, çıxış və müsahibələrin hazırlanması, foto, video çəkilişlərinin aparılması ilə də məşğul olacaq.
Ən son yeniliklərlə bağlı ictimaiyyətin məlumatlandırılmasında mətbuatın əvəzsiz rolundan danışan nazir Əli Abbasov kütləvi informasiya vasitələrinin əməyini, məlumatların əldə edilməsində göstərdiyi fədakarlığı yüksək dəyərləndirib. Qərəzsiz, obyektiv tənqidlərin yalnız inkişafa xidmət etdiyini də vurğulayan nazir bu baxımdan mətbuatın güzgü rolunu oynadığını qeyd edib.
Bu gün bütün dünyada internet və yeni texnologiyaların sayəsində mətbuatın inkişafı üçün böyük imkanlar yarandığını deyən Ə.Abbasov ölkəmizdə internet, o cümlədən söz və fikir azadlığına böyük önəm verildiyini nəzərə çatdırıb.
Daha sonra nazir nitqinin sonunda Mətbuat və İnformasiya Mərkəzinin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar diləyib.