Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli Rəqəmsal Yaddaş layihəsi üzrə işlər davam edir


İnformasiya – kitabxana məkanının iştirakçısı olan AMEA-nın Mərkəzi Elmi Kitabxanası hazırda Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi üzərində çalışır.


Layihənin məqsədi Azərbaycan tarixi və mədəniyyətinə aid informasiyaları Azərbaycanın daxili və xaricindən toplayıb, sistemləşdirib, rəqəmsallaşdırıb və milli yaddaşa əlavə edildikdən sonra istifadəçilərin ixtiyarına verməkdir.
 
Bu haqda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova MEK-də keçirilmiş təlimlər zamanı məlumat verib.
 
 
Qeyd edək ki, sözügedən layihə Azərbaycana aid informasiyanı idarəolunabilən və əlaqələndiriləbilən strateji resursa çevirmək və informasiya müharibəsində üstünlük qazandıra bilən təsirli silah formalaşdırmaq məqsədilə reallaşdırılır. Bununla bağlı layihənin qarşısında duran vəzifələr kimi bir sıra amilləri qeyd etmək vacibdir: ölkəmizin qədim mədəniyyəti, tarixi, torpağı, canlı örtüyü, bəşəriyyətin inkişafına qoyduğu intellektual yatırımları barədə Azərbaycan və Azərbaycanın hüdudlarından kənarda mövcud bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, ölkə və dünya oxucusunun, elmi araşdırıcısının istifadəsinə vermək.
 
“Rabitə dünyası”na müsahibəsində L.İmanova qeyd etmişdi ki, “Milli rəqəmsal yaddaş”ın siyasəti dövlət maraqları səviyyəsində formalaşdırılır. Hazırlanmış və daim yenilənən yaddaşın rezerv nüsxəsi dövlət tərəfindən mühafizə olunacaq, yəni yaddaş bazası daim genişləndiriləcək və təhlükəsizliyi təmin olunacaq. Məlumatların toplanılması rəsmi strukturlardan - qanunverici və icra qurumları, AMEA institut və təşkilatları, tədris müəssisələri, kitabxana, muzey və fondlardan başlayıb, şəxsi arxiv və kolleksiyalar ilə davam edəcək.
 
Eyni zamanda media və ictimai qurumlar da “Milli rəqəmsal yaddaş”a material vermək üçün səfərbər olunacaq. Paralel olaraq, respublikamızın hüdudlarından kənarda Azərbaycan və azərbaycanlılara aid materialların, məsələn, həmvətənlərimizin xaricdə keçirilən sərgilərinin, çıxışlarının, çap olunmuş əsərlərinin, kitabxana, muzey və fondlarda toplanan materialların “Milli rəqəmsal yaddaşa” salınması planlaşdırılır.
 
Onun sözlərinə görə, “Milli rəqəmsal yaddaş” layihəsi hər bir azərbaycanlı üçün əhəmiyyət kəsb edir. Belə ki, illər sonra Azərbaycanın rəqəmsal yaddaşı onun dünənini, bu gününü və sabahını  gücləndirən amillərdən birinə çevriləcək. 
 
 
Həqiqət İSABALAYEVA




10/08/15    Çap et