İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu üçüncü qrant müsabiqəsini elan etməyə hazırlaşır
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaxın zamanda üçüncü qrant müsabiqəsini elan etmək niyyətindədir.
Fonddan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, üçüncü qrant müsabiqəsi sentyabrda elan ediləcək.
Ötən ildən etibarən keçirilən qrant müsabiqələrinə ümumilikdə 323 layihə təqdim edilib, onlardan 121-i ilkin, 61-i isə kompleks ekspertizadan keçərək Fondun Müşahidə Şurasının qərarına əsasən maliyyələşdirilməsi həyata keçirilir.
İlk iki qrant müsabiqəsi çərçivəsində maliyyələşən layihələrdən ikisi artıq kommersiyalaşmaq istiqamətində ilk addımlar atır. Bu “WeTravel” və “Hipassenger” layihələridir.
Belə ki, “
http://www.wetravel.to” internet səhifəsinin kompüter və mobil cihaz applikasiyalarının ilkin versiyasının yaradılmasını və ölkələrə gəzinti turu təşkil edən onlayn sistemin qurulmasını nəzərdə tutan layihədir. “Hipassenger” isə dünya miqyasında səyahətə çıxanları əlaqələndirən, onların bir-biri ilə söhbətləşməsinə imkan yaradan, eyni zamanda partnyorlarımız tərəfindən təklif olunan ən sərfəli sövdələşmələri tapmağa imkan verən internet və mobil rabitə sistemlərinə əsaslanan yeni platformadır.
Bu layihələrin reallaşmasına müvafiq olaraq 18 və 20 min manat həcmində qrant ayrılıb.
Aynur Vəliyeva