Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda startapların vençur kapitalı sayəsində maliyyələşdirmə haqda qanunun hazırlanması üzrə işçi qrupu bu il yaradıla bilər


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu vençur kapitalı sayəsində startapların və İT layihələrin maliyyələşməsi təcrübəsini öyrənmək məqsədi ilə bir sıra ölkə ilə danışıqlar aparır.
 
Fonddan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində artıq bununla bağlı işçi qrupun yaradılması və təkliflər paketinin hazırlanması istiqamətində işlər başlayıb.
 
“Bu ilin sonuna kimi işçi qrupun yaradılması istisna edilmir. Biz öz tərəfimizdən bu sahədə beynəlxalq təcrübəni öyrənirik və artıq bu gün deyə bilərik ki, ABŞ, Sinqapur, Türkiyə, Finlandiya, Böyük Britaniya və bir neçə digər ölkələr startapların yaradılması, uğurlu tətbiqi və kommersiyalaşması sahəsində lider ölkələr sırasındadırlar və biz onların müsbət təcrübəsindən səmərəli istifadə edə bilərik. Biz artıq bir neçə ölkə ilə danışıqlar aparırıq”, - deyə fondda bildiriblər.
 
Qeyd edək ki, vençur maliyyələşməsini digər ənənəvi maliyyələşmə mənbələrindən fərqləndirən əsas xüsusiyyəti yüksəkriskli olmasıdır. Bu, əsasən kiçik yüksək texnoloji və perspektivli startaplara qoyulan, 3-7 illik, uzunmüddətli, yüksəkriskli şəxsi kapital sərmayələridir. Vençur sərmayələri innovasiyalar sahəsində həyata keçirilir. Çünki innovasiyalar startapın yüksək inkişaf sürətini təmin edirlər və bununla da yüksək gəlirlilik nəzərdə tuturlar.
 
Aynur Vəliyeva  





14/08/15    Çap et