Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ qlobal internetə nəzarəti əlindən vermək istəmir


ABŞ Ticarət Nazirliyi IP ünvanlar və domen adları ilə bağlı məsələlərin tənzimlənməsi ilə məşğul olan “ICANN” qeyri-kommersiya təşkilatı ilə yeni müqavilə bağlayacaq.

Cari il sentyabrda bitəcək razılaşma ən azı daha bir il müddətinə uzadılacaq. Beləliklə, ABŞ hakimiyyəti internet infrastrukturunun əsas komponentləri üzərində nəzarəti saxlamaq niyyətindədir.
 
Xatırladaq ki, son 17 ildə qlobal internetə məhz ABŞ nəzarət edir.
 
“ICANN” – domen adları və IP ünvanların idarəetməsi üzrə korporasiya 1998-ci ildə təsis edilib.
 
“ICANN” yaranma anından ABŞ Ticarət Nazirliyinin tabeliyindədir, ancaq ötən il Barak Obamanın administrasiyası 2015-ci ilin sentyabrınadək korporasiya üzərində nəzarəti biznes və dövlət maraqlarını nəzərə alan beynəlxalq internet cəmiyyətinin ixtiyarına vermək haqda planlarını açıqlamışdı.
 
Bu qərarla razı olmayanlar bildirmişdilər ki, “ICANN” üzərində nəzarətin beynəlxalq internet cəmiyyətinin ixtiyarına verilməsi xarici dövlətlərin işinə yarayacaq, belə ki, həmin dövlətlər senzura tətbiq edə və öz ərazisində istənilən sayta girişi bağlaya biləcəklər ki, hətta proksi serverlərin köməyi ilə bloku keçmək mümkün olmayacaq.
 
ABŞ-ın ticarət nazirinin köməkçisi Lourens Striklinq öz bloqunda yazıb ki, "beynəlxalq internet cəmiyyətinə öz işini başa çatdırmaq üçün vaxt tələb olunur", buna görə idarə “ICANN” ilə yeni illik müqavilə bağlamağa qərar verib. Bundan başqa, Striklinqin sözlərinə görə, ABŞ Ticarət Nazirliyi razılaşmanı daha üç il uzatmaq hüququna malikdir.
 
Emil Hüseynov
 




19/08/15    Çap et