Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt şöbəsi proqnoz tapşırıqlarını artıqlaması ilə yerinə yetirib


 Bu gün ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, rabitə sahəsində də böyük nailiyyətlər əldə olunub. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, onun yerlərdə tətbiqi müasir dövrün tələbidir ki, bunun üçün Azərbaycan dövləti tərəfindən məqsədyönlü tədbirlər uğurla həyata keçirilir.

Bu mühüm sahənin müasir dünya standartları səviyyəsinə çatdırılması üçün ölkə başçısı bir sıra fərman və sərəncamlar imzalayıb, Dövlət Proqramı qəbul olunub.

İKT sahəsində aparılan islahatlar respublikamızın poçt sektorunun da dinamik inkişafını təmin edib. Son illər yüksək templə inkişaf edən, müasirləşən Azərbaycan poçtu beynəlxalq aləmdə də böyük nüfuz qazanıb.

Azərbaycan poçtu 1993-cü ildən Ümumdünya Poçt İttifaqının bərabərhüquqlu üzvüdür və bu gün dünyanın bu sahədə ən inkişaf etmiş dövlətləri ilə ikitərəfli qaydada sıx, faydalı əməkdaşlıq edir.

Son 11 ildir ki, "Azərpoçt" MMC ÜPİ tərəfindən keyfiyyətin yaxşılaşdırılmasına görə qızıl səviyyəli sertifikatla mükafatlandırılır. Bütün bunlar Azərbaycan poçtunun dünyada qazandığı hörmətin bariz təzahürüdür.

Bütün bunların əldə olunmasında "Azərpoçt" MMC-nin tabeliyində olan poçt-rabitə müəssisələrinin rolu böyükdür. 6 saylı poçt filialının 52 saylı poçt şöbəsinin kollektivi də öz işlərini müasir dövrün standartlarına uyğun qurub, ötən 7 ayda yüksək göstəricilər əldə edib.

Poçt şöbəsinin rəisi Fəxriyyə Qəhrəmanova bildirib ki, kollektiv ötən 7 ayda proqnoz tapşırıqlarını 100 faizdən yuxarı yerinə yetirib.

Poçt şöbəsində ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi xidmətlər - bank maliyyə xidmətləri, sürətli pulköçürmələrindən olan "Zolotaya Korona", "Kontakt", "Western Union", "Kaspian Transfer Money" və digər xidmətlər də uğurla aparılır. Qeyri-ənənəvi xidmətlərin təşkilinin nəticəsidir ki, poçtun gəlirləri ilbəil artır. Bundan başqa, poçtumuzda DSMF pullarının, yol polisinin cərimələrinin qəbulu, avtomobillərin sığortası, vergi rüsumlarının qəbulu, valyuta mübadiləsi və s. uğurla həyata keçirilir. Öz işlərində insan amilini əsas tutan poçt kollektivi əhaliyə göstərilən xidmətin səviyyəsini daha da yüksəldir, çalışırlar ki, poçtun xidmətindən istifadə edən hər bir müştəri razı qalsın.

Göstərilən keyfiyyətli poçt xidmətinin sayəsində poçtumuzun xidmətindən istifadə edənlərin sayı getdikcə artır.

Bu işdə öz işində fərqlənənlərdən — əməliyyatçı Rəsmiyyə Tahəddinovanı, Böyükxanım Qasımovanı, poçtalyonlardan isə Xalidə İbrahimovanı, Lida Makovanı göstərmək olar.

Poçt şöbəsinin kollektivi bundan sonra da xidmətin keyfiyyətini yüksəldəcək, iqtisadi göstəricilərini artıracaq, proqnoz tapşırıqlarını vaxtında yerinə yetirəcəkdir.




20/08/15    Çap et