Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakı Kartı”nı “MilliÖn” terminallarında almaq olacaq


"Komtech" şirkəti yaxın zamanda ona məxsus olan "MilliÖn" terminallar şəbəkəsində "Bakı Kartı"nın satışını və balansının doldurulmasını təşkil etmək niyyətindədir.
 
Şirkətdən PR meneceri Ülviyyə Əfəndiyevanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda bu layihə çərçivəsində işlər aparılır.
 
"Layihə çərçivəsində Bakı şəhərində bütün avtobus dayanacaqlarında "MilliÖn" terminallarının quraşdırılması nəzərdə tutulur. Bu ilin əvvəlindən proqramçılarımız tərəfindən kartların satışını və bonusunun doldurulması funksiyasını təmin edən proqram təminatı üzərində işlər aparılır və artıq bu ilin son rübündə biz bu xidməti istifadəyə vermək niyyətindəyik", - deyə Ü.Əfəndiyeva bildirib.
 
Qeyd edək ki, "Bakı Kartı" həm yerüstü nəqliyyatda, həm də metroda istifadə edilir. Bu kartlar iki növ olur- daimi və müvəqqəti. Plastik kart daimi olaraq istifadə edilməsi üçün nəzərdə tutulub. Müvəqqəti kartı ilə isə maksimum 4 dəfə gediş haqqı ödənişi yükləmək olar. Plastik kartların qiyməti 2 manatdır.
 
Aynur Vəliyeva




20/08/15    Çap et